Rusiyadakı azərbaycanlıları nə gözləyir? – Daha bir QADAĞA


Rusiyada miqrantlara qarşı daha bir qadağa qüvvəyə minə bilər. Dövlət Dumasının deputatı Sergey Mironov Rusiya dövlət xəstəxanalarında pulsuz doğumun qadağan edilməsini təklif edib. Deputat hesab edir ki, icbari tibbi sığorta paketində pulsuz tibbi xidmətin yalnız Rusiya vətəndaşlarına şamil olunması səhiyyənin və vergi ödəyicilərinin yükünün azaldılmasına kömək edəcək.

Bəs, bu məsələ Rusiyada yaşayan azərbaycanlılara necə təsir edəcək?

Turkustan.az-ın xəbərinə görə, mövzu ilə əlaqədar Bizim.Media-ya fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiyanın vaxtaşırı sərt qadağalar tətbiq etməsi qanunsuz miqrasiya mübarizəsinin daha da effektiv edilməsi ilə bağlıdır.

“Keçən ilin mart ayından etibarən Rusiyanın miqrasiya qanunvericiliyində çox ciddi dəyişikliyin baş verdiyi müşahidə olunur. Məlum Crocus City terror hadisəsindən sonra belə sərt mübarizəyə başlanıldı, çünki Rusiyanın rəsmi orqanlarının verdiyi məlumata görə hadisə Tacikistandan olan şəxslərin iştirakı ilə baş vermişdi və bu səbəbdən də Rusiya höküməti miqrasiya ilə bağlı çox sərt siyasət yürütməyə başladı.

Burda da əsas niyyət ölkə ərazisində olan qanunsuz miqrantların sayının azaldılmasıdır. Ona görə də zaman-zaman bu və ya digər müstəvidə qaydalar tətbiq olunur. Həmin qaydalar kifayət qədər tərəfimizdın sərt dəyərləndirilir”.

Deputat deyir ki, bu mübarizə müəyyən mənada öz nəticəsini verir. Belə ki, ölkə ərazisində yaşayan qanunsuz miqrantların sayının azalmasına nail olunub”.

İlin sonuna qədər yeni qaydalar tətbiq olunacaq

Müsahibimiz qeyd edib ki, Rusiya höküməti hər dəfə yeni qaydalar tətbiq etməklə həmin miqrantların həm də ölkə iqtisadiyyatına fayda verəcək kateqoriya kimi formalaşmasında maraqlı olduğunu göstərir:

“Ölkədə mövcud olan bir çox sosial təminat məsələləri həm də hökümət üçün sosial yük kimidir. Ona görə də həmin yükdən azad olması üçün belə qaydalar tətbiq edirlər ki, həmin o sosial hüquqların təmin olunması ilə bağlı məsələlər maddi cəhətdən miqrantların özünün iştirakı ilə baş vermiş olsun”.

A.Allahverənov bundan sonra da yeni qaydaların tətbiq olunacağını istisna etmir:

“İlin sonuna qədər yeni qaydaların tətbiq olunacağının şahidi olacağıq. İstənilən halda bu, miqrantların maraqlarına cavab verən hal deyil. Əlavə problemlərə yol açan bir vəziyyətdir.”


MANŞET XƏBƏRLƏRİ