İsrail hökuməti Baş nazir Benyamin Netanyahunun 7-11 may tarixlərində Azərbaycana səfərinin nəzərdə tutulduğuna dair məlumatları təsdiqləyib. Səfərin 5 gün davam edəcəyi, baş nazirin burada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi və yəhudi icması ilə birlikdə Şabat (yəhudi şənbəsi) gününü qeyd edəcəyi açıqlanıb.
Səfərin müddəti isə xüsusi diqqət çəkib. Ekspertlərin fikrincə, bir ölkə liderinin xarici səfərinin müddətinin bu qədər uzun olması nadir haldır və beynəlxalq diplomatik praktika baxımından belə nümunələrə az rast gəlinir.
Mövcud geosiyasi vəziyyətdə 5 gün davam edəcək səfərin əsas məqsədi nədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Benyamin Netanyahunun Bakıya səfəri artıq demək olar dəqiqləşib:
“Bu səfər İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana gəlişindən sonrakı dövrə təsadüf edir. Həmçinin yaxın zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Bakıya səfəri gözlənilir. Görünən odur ki, regionda ciddi proseslər baş verir. Yaxın Şərqlə bağlı bir yol xəritəsi hazırlanır və Bakı əsas aktorlardan birinə çevrilir. Bunu Ankara, Tehran və Təl-Əviv də başa düşür.
(Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı Bakıda qarşılayır)
İsrailin hazırkı mərhələdə Azərbaycana ehtiyacı var. Yaxın Şərqdə müharibə davam edir və Təl-Əvivin geri çəkilmək niyyəti yoxdur. Belə bir şəraitdə İsrail Azərbaycanın İrana dəstək verməyəcəyindən əmin olmaq istəyir. Bundan əlavə, Ankara ilə Təl-Əviv arasında münasibətlərin gərginləşməsi fonunda İsrail Bakının mövqeyini öyrənmək və ehtiyac yaranarsa, vasitəçilik imkanlarından istifadə etmək niyyətində ola bilər”.
Ekspert bildirib ki, Azərbaycan xarici siyasətdə hər zaman öz maraqlarını əsas götürür:
“Bakı və Təl-Əviv arasında əlaqələr Moskva-Vaşinqton münasibətləri fonunda formalaşır. Netanyahunun Azərbaycana səfəri bu mənada çox mühüm hadisədir. Səfər çərçivəsində ikitərəfli əməkdaşlıqla yanaşı, İranla ehtimal müharibə riski də müzakirə oluna bilər. Təbii ki, belə bir şey Azərbaycanın maraqlarına uyğun deyil.
Səfərin 5 gün davam etməsi onun yüksək əhəmiyyət daşıdığını göstərir. Bu müddət ərzində mühüm görüşlərin keçirilməsi, ciddi bəyanatların verilməsi gözləniləndir. Lakin o da istisna edilmir ki, səfər yarımçıq dayandırıla və Netanyahu planlaşdırılandan tez geri dönə bilər. Səfərin nəticələri Ərdoğanın Azərbaycana gözlənilən ziyarəti zamanı daha aydın ola bilər. Həmin dövrə qədər Azərbaycan və Türkiyə liderləri arasında telefon danışığının baş tutması da mümkündür”.
Kənan Novruzov səfərin rəmzi mənasına da diqqət çəkib:
“Numeroloji baxımdan 5 rəqəmi maraqlıdır. Məşhur numeroloq Kornelius Aqrippa 1533-cü ildə nəşr etdiyi “Okkult fəlsəfəsi” əsərində yazırdı ki, 5 rəqəmi – nəticəyə risk və sınaqlar vasitəsilə çatmaq deməkdir. Bu rəqəmdə sabitlik yoxdur: bir tərəfdən inamsızlıq yarada, digər tərəfdən isə ən gözlənilməz və uğurlu nəticələrə gətirib çıxara bilər.
Siyasi və diplomatik ehtimalları numeroloji baxış bucağı ilə birləşdirsək, demək olar ki, ardıcıl baş tutacaq yüksək səviyyəli səfərlərdən sonra regionda ciddi hadisələr baş verə və mühüm qərarlar qəbul edilə bilər”.