Səbaildə əcnəbi işçilərin sakinlərə daş atdığı deyilən söküntü ilə bağlı AÇIQLAMA


Bakı şəhəri Mikayıl Useynov küçəsi (keçmiş Neftçilər prospekti) 14 ünvanında Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü işləri aparılmayıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonunda sözügedən ünvanda yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olması ilə əlaqədar müvafiq qurumun aktı mövcuddur və həmin binada yaşayan sakinlərin köçürülməsi məqsədilə Sərəncam təsdiq edilib.

"Məlumat üçün qeyd edirik ki, hazırda köçürülən mülkiyyətçilər həmin mənzillərin qapı və pəncərələrini (tikinti materialları) özləri ilə daşımışlar. Əlavə olaraq qeyd edirik ki, sözügedən ünvanda Səbail Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü işləri aparılmayıb".

Qeyd edək ki, sözügedən ünvanda yerləşən binada bir neçə həftədir ki, qeyri-rəsmi söküntü işlərinin davam etməsi ilə bağlı ilk məlumatı "Oxu.az" yayıb.

Yerli sakinlərin mediaya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti söküntü işlərini yalnız yerli işçilərlə deyil, həm də hökumət portalında qeydiyyatsız çalışan əcnəbi vətəndaşlarla həyata keçirdiyi deyilir. 23 may tarixində binada söküntü işlərini videoya çəkməyə çalışan sakinin orada işləyən əcnəbi vətəndaşların təhqir və fiziki təhdidlərinə məruz qaldığı, hətta ona daş da atıldığı iddia edilir.

Sakinlər bildiriblər ki, ağır alətlərlə - xüsusən kuvaltla aparılan işlər nəticəsində divarlarda çatlar yaranmaqla yanaşı, daş qırıntıları balkonlara və qonşu mənzildə yaşayan sakinlərin üzərinə tökülür.


MANŞET XƏBƏRLƏRİ