Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
I Yazı
Türkman boyları lap qədim zamandan bəri Kiçik Asiya və Dəclə -Fərat çaylarının şimal hissəsində yerləşmişdilər. Elxan Arqun Xan (1284-1291) zamanında Türküstandan hərəkət edən iki böyük Oğuz-Türkman boyu Fərat və Dəclə çaylarının şimal cəhətlərində məskən saldılar. Bu boylar bayraqlarında birisi qara qoyun, digəri isə ağ qoyun rəsmləri daşıdıqları üçün bunlara Qaraqoyunlu və Ağqoyunlu deyilirdi. Qaraqoyunlular Ərzincan-Sivas, Ağqoyunlular da Mosul-Amid ətrafında yerləşdilər. O zaman burada kiçik böyük hökumətlər mövcud idi.Lakin yeni gələn Oğuz-Türkman boyları qarşısında mövqelərini mühafizə edə bilmədilər. Zamanla bu iki boy hərbi güclərini artırıb hüdudlarını genişləndirdilər. Qaraqoyunlular Azərbaycanı zəbt və Təbrizi mərkəz seçdilər. Ağqoyunlular da Mosulu zəbt və Diyarbəkiri (1401-1468) mərkəz seçdilər.
Bayandur Oğuz boylarından birinin adıdır.Ağqoyunlular Mosul-Amid şəhərlərinin ətrafında yerləşdilər. Bunlardan Qara Osman, Həmzə, Cahangir və Uzun Həsən adlı böyük hökmdarlar gəlmiş və Uzun Həsənin zamanında Azərbaycan Ağqoyunluların əlinə keçmişdir. Bayandur tayfasının adı həm umumtürk abidələrində, Mahmud Qaşğari, Yazıçıoğlu Əli, Əbülqazi Xan Xivəlinin əsərlərində,həm də xalqımızın ən qədim dil-tarix abidəsi olan “Kitabi Dədə Qorqud” dastanında çəkilir.
Yazıçıoğlu Əli Fəzlullah Rəşiddədinə (1247-1318) əsaslanaraq Oğuzları 24 boya bölmüş və mənalarını səciyyələndirmişdir. Ona görə Bayandur sözünün mənası hər zaman nemətlə dolu yer mənasındadır. Fəzlullah Rəşidəddin Həmədani Bayandurları Üç Oxlara (İç Oğuzlar) aid edir və Göyxanın birinci oğlu olduğunu göstərir.
Azərbaycan Türklərinin qədim abidəsi olan “Kitabi-Dədə Qorqud”da Bayandur xan xanlar xanıdır, “Oğuz eli “ dövlət quruluşunun başında durur.
Maraqlıdır ki,bəzi görkəmli tədqiqatçılar Kiyev Rus dövlətinin tarixində əsas rolu olmuş Türk Berendelər tayfasını Bayandurlarla eyniləşdirirlər. Bu həqiqətə uyğundur. Ola bilsin ki, Dərbənd keçidindən Azərbaycana gəlmiş Ağqoyunlu Bayandur tayfasından bir qol ayrılıb Qafqazın şimalındakı düzlərlə Ukrayna ərazisinə doğru irəliləmişlər. Hazırda Ukrayna ərazisində Türk Berendelərlə əlaqədar yer adları var.
Pəhləvan bəy Bayandur
Pəhləvan bəy Bayandur İdris bəy Bayandurun oğlu, Bayandur elinin başçısıdı.İlk dəfə onun dövründə Bayandur eli Diyarbəkir bölgəsində yerləşdi.Kitabi-Diyarbəkriyyə əsərində Əlincə qalasını ələ keçirdiyi,Çormoğun noyonu məğlub etdiyi və 1340-cı ildə Diyarbəkirdə öldüyü qeyd olunur.
Əlaəddin Turəli bəy Bayandur 1340-1362
Əlaəddin Turəli bəy Bayandur Ağqoyunluların II tayfa başçısıdı (1340-1362).Əlaəddin Turəli bəy Bayandur haqqında mənbələrdə məlumat olduqca azdır.Onun və oğlu Fəxrəddin Qutlu bəyin haqqında ilk məlumatlara Trabzon-Rum tarixçilərindən Panaretosda rast gəlinir.Əlaəddin Turəli bəy Pəhləvan bəy Bayadurun oğludur.Bayburtda doğulmuşdur.Ağqoyunlu ulusundan ilk sikkə zərb etdirən başçıdır.Turəli bəy rəhbərliyindəki Ağqoyunlular zamanla şimala doğru hərəkət etmiş, Bayburt və Ərzincan ətrafına yerləşdilər.Bayburt yaxınlığındakı Sinar kəndində inşa edilən Ağqoyunlu memarlıq abidələri o cümlədən Turəli bəy və Fəxrəddin Qutlu bəyin məzarlarının burada olması bu köçün sübutudur.
Turəli bəy haqqında məlumat verən bir digər mənbə Əbubəkr Tehrani tərəfindən yazılmış Kitabi-Diyarbəkriyyə əsəridir. Kitabi-Diyarbəkriyyəyə görə Pəhləvan bəy Bayandurdan sonra hakimiyyəti ələ alan Turəli bəy, fərmanı altındakı 30 min ailə ilə Rum sərhəddindən Şam, Misir və İraqa qədər ərazilərdə illərlə sərdarlıq etmişdir. Bundan əlavə, o, Elxanlı hökmdarı Qazan xanın Suriyaya təşkil etdiyi səfərdə iştirak etmiş və bu səfərdəki uğurlarına görə yüksək rütbələrə layiq görülmüş, nüfuz qazanmışdır. Hətta Turəli bəyin bu səfərlərdəki uğurları nəticəsində onun hakimiyyəti altında olan Ağqoyunlular bir çox yerlərdə, xüsusilə Misir və Şamda “Tur Əlilər” adı ilə tanınmağa başladılar. Kitabi-Diyarbəkriyyədə Turəli bəyin tabeliyində olan Ağqoyunluların “Tur Əlilər” kimi qeyd edilməsi ilə bağlı məlumatın doğruluğu anlaşılsa da,digər məlumatların dəqiqliyi öz təsdiqini tapmayıb. Bayandurların Məmlük mənbələrində “Tur Əlilər” kimi qeyd olunması da bilinən faktlardandır.
Turəli bəyin Ağqoyunlu rəhbərliyindəki bilinən ilk hərbi səfəri 1340-cı ildə Trabzon-Rum İmperatorluğuna qarşı etdiyi səfərdir. Ağqoyunluları “Amid Türkləri” mənasını verən “Amitiotai” adlandıran Panaretosda bu səfərdən bəhs olunur. Bu səfərin Trabzon-Rum İmperatorluğunun hücumlarına cavab məqsədilə təşkil olunduğu da bildirilir. Turəli bəy rəhbərliyindəki Türkmanlar 1341-ci ilin iyul ayının 4-də yenidən Trabzona hücum etdilər. Onun 3-cü səfəri isə 1343-cü ildə baş tutmuşdur. 1348-ci ildə iyun ayının 29-da o, Ərzincan hakimi Əxi Ayna bəy, Bayburt hakimi Məhəmməd Rikabdar ilə birlik qurub Trabzon üzərinə bir daha yürüş etmişdi. Bu səfər haqqında Rum qaynaqlarında məlumatlar öz əksini tapmışdır. Yenidən 1348-ci ildə Ağqoyunlu Duharlu oymağından Yusif bəyin Trabzonlular ilə etdiyi döyüşdə şəhid olması Turəli bəylə oğlu Fəxrəddin Qutlu bəyin Trabzona hücumu ilə nəticələndi.
Türk axınları ilə mübarizə apara bilmədiyini anlayan imperator III Aleksey Ağqoyunluların dostluğunu qazanmaq üçün 1352-ci ildə bacısı Marianı Turəli bəyin oğlu Fəxrəddin Qutlu bəy ilə evləndirir.Lakin Kitabi-Diyarbəkriyyəyə görə Yusif bəyin intiqamını almaq üçün edilən səfərdə şahzadə Maria qənimət kimi ələ keçirilmişdi.Bu hadisə ilə Ağqoyunlu-Trabzon münasibətlərində yeni bir mərhələ başladı.
Turəli bəyin vəfat tarixi ilə bağlı mənbələrdə məlumata rast gəlinmir. Lakin III Alekseylə qohumluq münasibətlərinə görə Trabzona səfərə hazırlaşdığı zaman 1363-cü ildə vəfat etdiyi güman edilir.
Fəxrəddin Qutlu bəy (1363-1389)
Fəxrəddin Qutlu bəy Ağqoyunluların III tayfa başçısıdı.Tam adı Hacı Fəxrəddin Qutlu ibn Turəli olan Ağqoyunlu tayfa başısının doğum tarixi haqqında məlumat yoxdur. Yunan tarixçisi Panaretosun vaqiyyənaməsində III Alekseyin 1363-cü ildə ailəsi ilə birlikdə Fəxrəddin Qutlu bəyi atasının yerinə başçı seçilməsi münasibəti ilə təbrik etmək üçün yola düşmək istəməsi lakin vəba səbəbindən səfərin baş tutmaması haqqında məlumat öz əksini tapır. Bu da Fəxrəddin Qutlu bəyin atasının yerinə 1363-cü ildə artıq taxta çıxdığını və Turəli bəyin təxmini bu tarixlərdə vəfat etdiyini göstərir.
Hələ Turəli bəyin sağlığında Ağqoyunlu tayfa ittifaqı 1340-cı ildən etibarən tez-tez Trabzon İmperiyası (1204-1461) üzərinə yürüşlər edirdi. Yenə Ponaretosda Amid Türkmanlarının yunanlarla döyüşdüyü barədə məlumatlar öz əksini tapır. 1343,1348-ci illərdə etdiyi hücumlarla Trabzon-Rum imperatoru III Alekseyin gözünü qorxutmağa müvəffəq olan Turəli bəy 1352-ci ildə oğlu Fəxrəddin Qutlu bəyi III Alekseyin qızı Maria Komnenosla evləndirir. Bu izdivac tərəflər arasında münasibətləri tənzimləmək rolunu daşıyırdı. Bu evlilikdən sonra Maria Komnenos Dəspinə Xatun adı ilə tanınır. İzdivacdan sonra tərəflər arasındakı işğalçı yürüşlər dayanır və səfərlər daha dostyana xarakter daşıyır. 1365-ci ildə Qutlu bəyin Trabzon səfəri də bunun açıq sübutudur.
İtalyan şərqşünas E.Rossi Qutlu bəyin Dəspinə xatunla olan evliliyinin “Kitabi Dədə Qorqud” dastanındakı Qan Turalı hekayəsi ilə oxşarlıq təşkil etdiyi fikrini irəli sürmüşdür. O qeyd edir ki, dastanda “Doqquz igidin qanını alan,adı Oğuzda ad qoyan,sarı donlu Selcan qızı alan Qanlı Qoca oğlu Qan Turalı” məhz Qutlu bəydir.Dastanla tarixi faktlar arasında mühüm oxşarlıqlar olsa da, filoloji və tarixi araşdırmalar baxımından bəzi alimlər Rossinin fikirlərinə etiraz edirlər.Buna səbəb Qanlı Qoca oğlu Qanturalı boyunda İldırım Bəyazidin oğlu Əmir Süleymanı məth edən sözlərin olmasıdır. Bu da boyda bəhs edilən hadisələrin XV əsrin əvvəllərində baş verdiyini göstərir. Turəli bəyin XIV əsrin ikinci yarısında ölməsi və Qutlu bəyin evliliyinin 1352-ci ildə baş tutması faktı bizə məlumdur.
Əbubəkr Tehraninin qələmə aldığı Kitabi Diyarbəkriyyə əsərindən də anlaşılır ki, Qutlu bəy atasının ölümündən sonra Ağqoyunlu tayfa ittifaqının başçısı olur.
Qutlu bəy Ağqoyunlu ərazilərini cənuba doğru genişləndirdi. Ağqoyunlu tayfa ittifaqı Ərzincan və Bayburt ətrafında məskunlaşdılar. 1389-cu ildə Qutlu bəy Bayburtun Sinür kəndində vəfat edir və orada da dəfn edilir.
Əhməd bəy Bayandur (1389-1403)
Əhməd bəy Bayandur Ağqoyunluların IV tayfa başçısıdı.Fəxrəddin Qutlu bəyin oğlu idi. Atasının vəfatından sonra, 1389-cu ildən 1403-cü ilədək Ağqoyunlu tayfa birliyinə rəhbərlik etmişdir.
Ərzincan əmiri Mütəhhərtən Qazi Bürhanəddin Sivasda hakimiyyəti ələ keçirdikdən bir qədər sonra,ona qarşı yürüşə başladı. Mütəhhərtən və Əhməd bəy Bayandur birləşmiş Ərzincan və Ağqoyunlu ordusu ilə Sivasa doğru hərəkətə keçdi. Bu birləşmiş ordunun qarşısını almaq üçün Qazi Bürhanəddinin göndərdiyi Əmir Yusif Çələbi baş vermiş savaşda məğlub oldu və öldürüldü.
Əhməd bəy Bayandur bu basqından peşman olub Qazi Bürhanəddin Əhməd bəy Salurun yanına gəldi. Özü ilə qardaşlarını da gətirdi.Üzr istəyib kiçik qardaşı Bəhaüddin Qara Yülük Osman bəyi ona girov verdi. 1389-cu ildə Qaraqoyunlu əmiri Qara Məhəmməd bəy Ərzincan əmiri Müttəhərtənlə birləşib köhnə düşmənlərinə qarşı savaşmaq qərarına gəldi. Müttəfiqlər Ağqoyunluları dar keçiddə sıxışdırdılar və ağır bir məğlubiyyətə düçar etdilər.Bu məğlubiyyətdən sonra Əhməd bəy Bayandur və qardaşı Hüseyn bəy Bayandur Sivas hökmdarı Qazi Bürhanəddin Əhməd bəy Salurdan sığınacaq istədilər. Bürhanəddin Əhməd bəy Salur onları yaxşı qarşılayıb üstəlik də ənam-ərmağanlarla mükafatlandırdı.
Əhməd bəy Bayandur məcara sevən bir başçı idi.O,dinc durmayaraq qarışıqlıq axtarırdı. Qardaşı Hüseyn bəy Bayandur ondan Qaziyə şikayət etdi. Əhməd bəy Bayandur bir çox əmirlərlə birləşib Bürhanəddin Əhməd bəyi öldürmək istəyirdi. Günü-gündən azğınlaşan Əhməd bəy Bayandur Qaziabadda keçirilən hərbi qüvvələrin baxışında açıq-aşkar Bürhanəddini təhdid etdi. Bürhanəddin onunla dinməz-söyləməz keçindi.Həmin arada Əhməd bəy Bayandur güclənmişdi.
1393-cü ildə Turhal qalasını mühasirədə saxlayan Qazi Bürhanəddinin yanına gələn Əhməd bəy Bayandur Amasiyanın abad və zəngin bir şəhər olduğunu söyləyərək oranı birlikdə ələ keçirməyə çağırdı. Qazi Bürhanəddin razılaşıb,oraya yürüşə başladı.Əhməd bəy Bayandur isə nəinki hücum etmədi, hətta Amasiya hakimini xəbərdar etdi. Sonra Amasiya əmiri ilə ittifaq bağlayaraq Tokat şəhərinə yürüşə gəldi.
1395-ci ildə Qazi Bürhanəddinin Ərzincana hücum edəcəyini eşidən Əhməd bəy Bayandur elçi və məktub göndərib, köməyini təklif etdi. Qazi Bürhanəddin bu təklifə sevinib, görüşəcəkləri yeri müəyyənləşdirdi. Birlikdə hücuma keçib, Ərzincanın içlərinədək irəlilədilər.Yağma və qarətlə oranı əldən saldılar. Bürhanəddin Əhməd bəy Bayburta qədər olan ərazini Ağqoyunlu əmirinə iqta verib geri qayıtdı.
1396-cı ilin payızından üsyan etmiş Əhməd bəy Bayandur Bürhanəddin Əhməd bəyin əmrinə tabe olmaqdan qəti boyun qaçırdı.
1402-ci ildə Əhməd bəy Bayandur Əmir Teymurun ordusunda İldırım Bəyazidə (1389-1402) qarşı vuruşmuşdu.Həmin ildə Əmir Teymur onu həbs etmişdi. Onun oğlu Məhəmməd bəy İldırım Bəyaziddən əldə olunan qəniməti yolda Əmir Teymurun mühafizlərindən almışdı.
1403-cü ildə Əhməd bəy Bayandur hakimiyyətdən qovuldu. Hakimiyyətə Qara Yülük Osman gəldi.
Bəhaəddin Qara Osman Yülük ibn Turəli (1403-1435)
Bəhaəddin Qara Osman Yülük Fəxrəddin Qutlu bəyin və Trabzon şahzadəsi Maria Komnenosun oğludu. 1386-cı ildə qardaşları ilə mübarizədə uduzaraq Qazi Bürhanədddinin yanına getdi.Burada o, Qazi Bürhanəddinə dövlət işlərində köməklik göstərmiş, dövlətin gücləndirilməsində rol sahibi olmuşdu.Sonradan Qazi Bürhanəddinin Kayseri valisini öldürməsi onlar arasındakı 11 illik münasibətin pozulmasına gətirib çıxardı. Nəticədə Osman bəy 1398-ci ildə Sivas yaxınlığında baş verən Qarabel döyüşündə Qazi Bürhanəddini məğlub edərək öldürdü. Osman bəy 1399-cu ildə Əmir Teymur ilə müttəfiq oldu və Əmir Teymur tərəfindən Diyarbəkir mərkəz olmaqla bir çox əraziyə hakim təyin edildi.Osman bəy Əmir Teymurun (1370-1405) sərkərdəsi olmağın daha məqsədəuyğun olduğunu düşünərək 1400-cü ildə Əmir Teymurun ordusu ilə Sivas,Əlbistan və Malatyanın Osmanlılardan alınmasında iştirak etdi. Onun dövründə Ağqoyunlular geniş ərazilər ələ keçirərək bəyliyə çevrildilər.1402-ci ildə Ankara Savaşında öz ordusu ilə Əmir Teymurun tərəfində döyüşmüşdü.Osmanlı ordusunun sol cinahını dağıtmışdır. Ağqoyunlular Anadolu ərazisində Diyarbəkir, Ərzincan və Bayburt ətrafında məskunlaşmışdılar.
Ardı var