“Bu, təkcə nadanlıq deyil, həm də cinayətdir”


“Valideynin övladına arxa durması, ona dəstək olması təbii haldır. Amma bu, övladın püxtələşməsinə, həyatda layiq olduğu yeri tutmasına xidmət etməlidir”.
Turkustan.az
xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında tanınmış jurnalist Seymur Verdizadə deyib. S.Verdizadə qeyd edib ki, Azərbaycanda valideyn-övlad münasibəti düzgün qurulmur: “Bəzən valideyn yaşı əllini haqlamış övladı ilə uşaq kimi davranır. Uşağa əndazəsiz sevgi çox vaxt onun ərköyün böyüməsi ilə nəticələnir. Valideyn anlamalıdır ki, o, təkcə özü, ailəsi üçün deyil, həm də cəmiyyət üçün övlad böyüdür. Onun böyütdüyü övlad cəmiyyətə xeyir verməli, kənar şəxslərlə eyni mühitdə yaşamağı, işləməyi bacarmalıdır. Azərbaycanda bəzən uşaqları balıq kimi akvariumda bəsləyirlər. Uşaq o akvariumdan, yəni, evdən çıxanda cəmiyyətə inteqrasiya olunmaqda çətinlik çəkir. Belə hallar böyük fəsadlara səbəb olur.
Azərbaycanda valideynlərin uşaqlara əndazəsiz canyananlığı çox vaxt onların tərbiyəsinin pozulmasına gətirib çıxarır. Valideyn azyaşlı oğlunun əlinə necə araq badəsi, siqaret verə bilər? Bu, təkcə nadanlıq deyil, həm də cinayətdir. Düşünürəm ki, bu cür neqativ hallarla bağlı birbaşa hüquq-mühafizə orqanları tədbir görməlidir. Heç kim inciməsin, bir çox hallarda uşağın tərbiyəsini valideyn pozur. Ailəsinin 5 üzvünü amansızcasına qətlə yetirən Əhməd Əhmədovun Azərbaycan cəmiyyətinə vurduğu yara hələ də qaysaq bağlamayıb. Ortada bu cür dəhşətli nümunə var. Hamılıqla dərs çıxarmalıyıq”.


MANŞET XƏBƏRLƏRİ