Britaniya İrəvana da hərbi attaşe göndərdi - nəyə hazırlıq?


Azərbaycana tərəfdaş ölkənin yeni Cənubi Qafqaz siyasətində Ermənistan da yer almağa başlayır; Mİ6 şefinin Paşinyanla görüşü və son təyinatla əsas hədəflər müəyyənləşib

Böyük Britaniya Azərbaycandan sonra Ermənistanda da hərbi attaşe açmaq istəyir. “Yeni Müsavat” xatırladır ki, Britaniya Azərbaycana artıq iki ay əvvəl hərbi attaşe təyin edib. Sözügedən vəzifəyə Gavin Tarbard təyin olunub. “Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi addımdır və bizim müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq”, - deyə paylaşımda bildirilirdi.

Hərbi attaşelərin vəzifəsi iki ölkə arasında hərbi və təhlükəsizlik əlaqələrini çevik şəkildə idarə etmək, sürətli kommunikasiya qurmaqdır. Hərbi attaşe məxsus olduğu ölkənin səfirinin hərbi məsələlər üzrə müşaviri olur. Ekspert rəylərinə görə, 30 ildən sonra Böyük Britaniyanın Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin etməsi yeni geosiyasi reallıqlarla bağlıdır. Bəzi ehtimallara görə isə regionda qarşıda ciddi geosiyasi hadisələr gözlənilir. Bura həm də İrana mümkün hərbi zərbələr də daxildir.

Bəllidir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasından yayınır. Bütün bu reallıqları nəzərə alan beynəlxalq mərkəzlər, eləcə də Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və digər bir sıra beynəlxalq reytinq təşkilatları Ermənistan-Azərbaycan arasında növbəti hərbi toqquşmanı mümkün ssenarilərdən biri kimi qiymətləndirirlər.

Bu baxımdan qısa bir zamanda Azərbaycandan sonra Ermənistana da hərbi attaşenin təyin edilməsi başqa nə kimi amillərlə bağlıdır? Bu, Böyük Britaniyanın ara-sıra regionda yeni gərginliklər, hətta müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıqlarla əlaqəli ola bilərmi?

Çünki ötən ay Böyük Britaniya Xarici İşlər Nazirliyi (FCDO) ölkə vətəndaşlarına Azərbaycanın cənub-qərbinə - Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib.

Yeri gəlmişkən, Böyük Britaniya Azərbaycanla tərəfdaş olsa da, krallığın Ermənistandakı səfiri Con Qalleger apreldə sərhədimizə gələrək müşahidə aparmışdı. AB-nin Ermənistandakı müşahidəçi missiyasının tərkibində ingilis diplomatlar və hərbçilər yoxdur. Belə olan halda Böyük Britaniya səfirinin həmin missiya ilə görüşü Azərbaycanda narazılıq doğurmuşdu. Bunun ardınca İrəvanda hərbi attaşe təyinatı sualları artırır.

O da məlumdur ki, Fransadan fərqli olaraq, İngiltərə ilə Ermənistan arasında xüsusi yaxınlıq yoxdur. Ən azından ona görə ki, Böyük Britaniyada güclü erməni lobbisi yoxdur. Üstəlik, orada yaşayan ermənilərin sayı da digər Avropa ölkələri ilə müqayisədə azdır. Amma son zamanlar London-İrəvan yaxınlaşması müşahidə edilir. Onu da yada salmaq yerinə düşər ki, 2022-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniya Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murla görüşüb.

Həmçinin bu ilin aprelində Paşinyanın Estoniyaya səfəri çərçivəsində Türkiyə və Böyük Britaniya kəşfiyyat liderləri ilə görüşdüyü haqda xəbərlər yayılmışdı.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Bütün bu sadalanan faktorlarla bağlı hərbi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a bildirib ki, Britaniyanın Ermənistana da hərbi attaşe təyinat etməsinin səbəbi Cənubi Qafqazda fəallaşmasından irəli gəlir. Fransa ilə yanaşı bu dövlətin də regionda mövqeyini gücləndirməyə çalışdığını deyən hərbi analitikin sözlərinə görə, burada tək Ermənistan götürülmür.

“Cənubi Qafqaza vahid bir coğrafiya kimi baxılır. Britaniya Gürcüstanda da təsirlərini artırmağa cəhd edir. Bunun üçün qərb qonşumuza bütün yardımları dayandırmaq qərarı verməklə Tiflisə təzyiqləri artırır. Ona görə Britaniyanın hədəfi Azərbaycanla onsuz da çoxdan yaxşı olan münasibətlərin ardınca Ermənistanda da nüfuzunu gücləndirməkdir. Çünki Ermənistanda Fransa və ABŞ daha çox təsir imkanlarına sahibdir”, - deyə R.Məmmədli qeyd edib.

Britaniyanın digər hədəfinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq olduğunu bildirən hərbi ekspert hesab edir ki, buna müvəffəq olmaq asan deyil: “Əvvəla, yenidən Moskva ilə İrəvan arasında "buzlar əriməyə" başlayıb. İkincisi, təkcə hərbi attaşe təyinatı ilə regionda geniş təsir dairəsi yaratmaq mümkün deyil. Ancaq bütün hallarda Britaniya ilə Ermənistan əlaqələrində yeni bir dövr başlanıb. Halbuki tarixən onların ciddi əməkdaşlıq təcrübəsi yoxdur. Paşinyan dönəmində bu təmasların intensivləşdiyini görmək mümkündür. Xüsusən də onun Mİ6 şefi ilə görüşü qeyd olunmalıdır. Deməli, Britaniya və bütövlükdə Qərb Rusiyanın Cənubi Qafqazdakı təsirlərini minimuma endirmək üçün dəridən-qabıqdan çıxır".

Ermənistan Böyük Britaniya ilə hərbi əməkdaşlıq proqramı imzalayıb

Hərbi ekspert əlavə edib ki, Estoniyada keçirilən görüşdə Türkiyə MİT rəhbəri İbrahim Kalının da iştirak etdiyi barədə məlumatlar Ankara ilə Londonun Ermənistanla bağlı birgə planlarından xəbər verir: “Burada da Rusiyanın təsirinin azaldılması niyyətini görmək olar. Britaniya Türkiyə-Ermənistan quru sərhədlərinin açılmasında maraqlıdır, buna dəstək verməyə hazırdır. İkincisi, kəşfiyyat rəhbərlərinin Paşinyana bəzi səhih informasiyalar vermələri də istisna deyil. Bu, təhlükəsizlik, sərhədlərdə olan rus hərbçiləri, ölkə daxilində ictimai-siyasi vəziyyətə nəzarət məsələləri haqda ola bilər”.

Ekspert onu da deyib ki, Böyük Britaniya Ermənistan hakimiyyətinin KTMT-yə üzvlüyünü dondurmaq qərarını tanıyıb: “Britaniya Rusiyadan gələn təhlükələr qarşısında Ermənistana dəstək verməyə hazır olduğunu bəyan edib. Hərbi attaşe təyinatı da göstərir ki, Krallıq Ermənistanda hərbi təsirlərini dərinləşdirmək niyyətindədir. Mən burada Azərbaycan əleyhinə addım görmürəm. Sadəcə, Britaniya bölgədə mövcudluğunu genişləndirir. Fikrimcə, qarşıda Britaniya-Ermənistan münasibətlərinin inkişafını görə bilərik”.

Xatırladaq ki, britaniyalı politoloq Neil Vatson da bu proseslərdə Rusiya mövzusunun olduğunu istisna etməmişdi: “Onilliklər ərzində Ermənistan Cənubi Qafqazda Rusiyanın "forpost" ölkəsi olub, ancaq Paşinyanın dövründə ondan uzaqlaşıb. Rusiya, şübhəsiz ki, erməni ictimai rəyini öz xeyrinə dəyişməyə çalışır və Ermənistanın buna qarşı Türkiyə və Böyük Britaniyanın dəstəyinə ehtiyacı ola bilər".


MANŞET XƏBƏRLƏRİ