“Pakistan Baş naziri Şahbaz Şərifin qısa müddət ərzində Azərbaycana ikinci səfəri iki ölkə arasında strateji müttəfiqliyin yüksək səviyyədə olduğunu göstərir”.
Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu Pakistan Baş naziri Şahbaz Şərifin Laçına səfəri ilə bağlı danışarkən deyib.
O bildirib ki, səfərin önəmini artıran amillərdən biri Şahbaz Şərifin təyyarəsinin birbaşa Laçın hava limanına enməsi oldu:
“Pakistanın Baş naziri hələ rəsmi açılışı olmayan Laçın hava limanına enməklə bu mühüm infrastrukturun istifadəyə verildiyini simvolik şəkildə göstərdi.
Əlavə olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da tezliklə Laçın hava limanına enəcəyi gözlənilir. Üç liderin – Azərbaycan, Pakistan və Türkiyə rəhbərlərinin işğaldan azad edilmiş Laçın rayonunda bir araya gəlməsi həm regional əməkdaşlığın, həm də strateji ittifaqın güclü olduğunu nümayiş etdirir”.
Elxan Şahinoğlu
Politoloq bildirib ki, sabah üçün nəzərdə tutulan görüş həm də simvolik məna daşıyır:
“Səfərin vaxtı da simvolikdir – Pakistan Baş naziri və Türkiyə Prezidenti Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan Müstəqillik Günündə ölkədə səfərdə olurlar. Bu, üç ölkə arasında möhkəm siyasi və strateji əlaqələrin beynəlxalq aləmə güclü mesajıdır”.
E.Şahinoğlu qeyd edib ki, Azərbaycan və Pakistan arasında iqtisadi münasibətlərin daha da canlanmasına ehtiyac var:
“Qeyd edək ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard dollar kredit ayırıb və bu vəsaitdən ortaq layihələrin sürətlə həyata keçirilməsi vacibdir”.