Cəmiyyətimizdə sığorta hələ də tam anlaşılmayan, bəzən isə yanlış düşüncələrlə dəyərləndirilən bir sahə olaraq qalır. Bu sahə ilə bağlı formalaşmış miflər insanların sığortaya olan marağını və etibarını azaldır. Sığorta eksperti və tədqiqatçısı İlahə Ümidli ilə birlikdə həmin miflərin mənbəyini araşdırdıq və sığortanın cəmiyyət üçün əslində nə qədər vacib olduğunu aydınlaşdırdıq.
İlahə xanım, cəmiyyətimizdə sığorta ilə bağlı ən çox rast gəlinən miflər hansılardır?
Cəmiyyətimizdə sığorta ilə bağlı bir sıra miflər formalaşıb ki, bu da insanların qərarvermə prosesinə birbaşa təsir edir.
2024-cü ildə aparılan 1604 nəfərlik genişmiqyaslı sorğunun nəticələrinə əsasən, bildirə bilərəm ki, respondentlərin əksəriyyəti düşünür ki, “Sığorta şirkətləri sığorta ödənişi etmir”, “Sığorta çox bahadır”, “Sığorta artıq maliyyə xərcidir”, “Azərbaycanda sığorta yoxdur”, “Sığorta yalnız pul tələsidir”, “Sığortaya etibar yoxdur” və s.
İcbari sığorta qaydalarına əməl edən vətəndaşlar isə düşünür ki, “Sığorta, sığorta cərimələrindən xilas olmanın yoludur” və biz: “Boş yerə sığorta edirik”.
Daha ehtiyatsız və risklərinə laqeydliklə yanaşan insanlar isə fikirləşirlər ki, “Sığortaya heç vaxt ehtiyacım olmayacaq”.
Ən təəssüf doğuran məqamlardan biri isə odur ki, artıq sığortası olan şəxslər belə bu mexanizmin mahiyyətini düzgün anlamırlar. Onlar düşünür ki, “Sığortam varsa lazım oldu olmadı istifadə etməliyəm” – bu da sığortaya yanlış yanaşmanın nümunəsidir.
Xüsusilə gənc yaş qruplarında bu miflər daha güclüdür. Sorğuda iştirak edən 18–25 yaş arası gənclərin əhəmiyyətli hissəsi: “Mən sağlamam, başıma heç nə gəlməz, sığortaya da ehtiyac yoxdur” fikrini səsləndirmişdi. Halbuki risk hər yaşda mövcuddur və sığorta məhz gözlənilməz halların təminatıdır.
Bəziləri isə düşünür ki, “sığorta yalnız varlılar üçündür”. Bu da reallığı əks etdirmir. Əksinə, sosial həssas qruplar sığortaya daha çox ehtiyac duyur, çünki bir gözlənilməz hadisə onların maliyyə sabitliyini tamamilə poza bilər.
Məncə bu miflərin kökündə əsasən mənfi təcrübəyə əsaslanan şəxslərin ümumiləşdirmələri, qeyri-peşəkar və manipulyativ informasiyalar, sığorta maarifləndirməsinin sistemli şəkildə aparılmaması və digər subyektiv səbəblərdir.
Sizcə, “Sığorta şirkətləri ödəniş etmir” fikri haradan qaynaqlanır?
Bu düşüncə tərzi cəmiyyətimizdə geniş yayılıb və insanların sığortadan uzaq durmasının əsas səbəblərindən biridir. Bu yanaşmanın kökündə isə həm keçmiş mənfi təcrübələr, həm də şəffaf və dolğun informasiya çatışmazlığı dayanır.
Aparılan araşdırmalar göstərir ki, insanların əksəriyyəti sığorta şirkətlərinə etibar etmir. Onların əsas arqumenti isə budur ki: “Onsuz da ödəniş etməyəcəklər.” Amma bu cavabı daha dərindən təhlil edən zaman aydın olur ki, əksər hallarda bu qənaət şəxsi təcrübəyə deyil, eşidilən natamam informasiyalara əsaslanır.
Bəzən də vətəndaşların sığorta müqaviləsini tam oxumamaları, təminatdan istisnaları və ya azadolma məbləğini bilməməsi ödənişlə bağlı anlaşılmazlıqlara səbəb olur. Məsələn, zərərin hansı hallarda qarşılandığını bilmədiyi üçün vətəndaş öz tələbini haqlı saysa da, əslində o hadisə sığorta təminatına daxil olmaya bilər. Bu zaman isə yaranan narazılıq "şirkət ödəniş etmir" kimi ümumiləşdirilir.
Digər tərəfdən, bəzən sığorta şirkətləri də mürəkkəb izahatlar, uzun bürokratik prosedurlar və zəif ünsiyyət bacarıqları səbəbindən öz mövqelərini düzgün çatdıra bilmirlər. Bu da vətəndaşla şirkət arasında etimadsızlıq yaradır.
Bütün bu problemlərin həlli üçün, ilk növbədə vətəndaşlar öz hüquq və öhdəliklərini bilməlidirlər. Eyni zamanda şirkətlər də şəffaf və müştəriyönümlü yanaşmanı gücləndirdiyi halda, “sığorta şirkətləri ödəniş etmir” kimi miflərin yerini obyektiv və real yanaşmalar ala bilər.
Əksər insanlar sığortanı etibarsız hesab edir və düşünürlər ki, ödədikləri məbləğ boşa gedəcək. Sizcə bu fikri aradan qaldırmaq üçün nə etmək lazımdır?
Bu fikrin aradan qaldırılması üçün yalnız qulağa xoş gələn reklamlarla deyil, konkret və davamlı addımlarla hərəkət etmək lazımdır.
Məncə, sığorta şirkətləri real ödəniş statistikasını sığorta sirrini qorumaq şərtilə paylaşmalı və şərh etməlidir. Həmçinin şirkətlər ildə nə qədər sığorta ödənişi etdiklərini sadəcə rəqəm kimi deyil, real həyat hadisələri ilə bağlı nümunələrlə paylaşsa, düşünürəm ki, daha yaxşı olar. Misal üçün, sığorta şirkətləri belə qeyd edə bilər: “Bakı şəhərində infarkt keçirən müəllimə bu qədər sığorta ödənişi verilmişdir”, “Qəza zamanı ailə başçısını itirmiş 3 uşaq anasına bu qədər sığorta ödənişi verilmişdir.” və s.
Digər addım, sığorta müqavilələrinin sadə dildə tərtib edilməsi və izahı ola bilər. İnsanların əksəriyyəti sənəd oxumadığı üçün, sığorta ilə bağlı problemlər yaşanır və nəticədə etibar azalır.
Məncə ən təsirlisi, təhsildə və kənd bölgələrində dövlətin və sığorta şirkətlərinin dəstəyi ilə subsidiyalı pilot sığorta proqramları həyata keçirilməli, nəticələr geniş ictimaiyyətə təqdim edilməlidir. Bu həm təcrübə qazandıra bilər, həm də təbliğat rolunu oynaya bilər.
Fikrimcə ilk addımlar üçün bu istiqamətlərdə işlər görülsə, inamsızlıq tədricən azalacaq.
Sizcə, sığorta haqqında bu miflərin yayılmasında media və sosial şəbəkələrin rolu nə dərəcədədir?
Bilirsiz, ümumiyyətlə neqativ məlumat tez yayılır, çünki insanlar neqativlərə daha çox maraq göstərir.Media və sosial şəbəkələr də sığorta haqqında neqativ fikrin formalaşmasında daha təsiredici vasitədir. Əsas səbəb də budur ki, mediada daha çox neqativ hallar paylaşılır və tez bir zamanda geniş auditoriyaya çatır və bir neçə neqativ hal ümumi ictimai rəyin formalaşmasına səbəb olur. İnsanlar ümumiyyətlə müsbət təcrübələri nadir hallarda paylaşır. Eyni zamanda gəlin razılaşaq ki, bəzi media qurumları da reytinq qazanmaq məqsədilə araşdırılmamış və birtərəfli məlumatlar yayımlayır. Nəticədə ictimaiyyətdə qeyri-dəqiq informasiyalar formalaşır.
Məncə həmhəm media nümayəndələri, həm də sığorta şirkətləri daha məsuliyyətli yanaşma sərgiləməlidir. Sığorta sektorunda baş verən uğurlu hadisələr, real ödəniş nümunələri və müştəri məmnuniyyəti ilə bağlı faktlara əsaslanan materiallar da hazırlanmalı və ictimaiyyətə təqdim edilməlidir.
Son olaraq, nəyi demək istəyərdiniz?
Son olaraq onu demək istərdim ki, insanımız miflərə deyil, real məlumata əsaslansın.Nəzərə alaq ki, sığorta haqqında eşitdiyimiz hər şey doğru deyil! Sığorta təfəkkürünü formalaşdırmaq üçün hamılıqla çalışmalıyıq.
Mübariz/Turkustan.az