Son günlər sosial şəbəkələrdə vətəndaşlar pensiya kapitalı ilə bağlı öz etirazlarını bildirirlər.
Onlar qeyd edir ki, kifayət qədər pensiya kapitalı topladığı halda həmin məbləği birdəfəlik ala bilmir, bunun üçün pensiya yaşını gözləmək məcburiyyətindədirlər.
Hətta onların sözlərinə görə, pensiya yaşından sonra alacaqları məbləği xərcləmək üçün ömürləri belə, çatmayacaq. Sosial şəbəkə istifadəçilərindən biri yazır:
“Atam 63 yaşında dunyasını dəyişib, yoldaşının, yəni anamın 60 yaşı var, yaşla əlaqəli ayaqlarında zəiflik və başda sinir ağrıları var, 2 ay işlədi, dözə bilmədi. Mən, yəni oğlu ailəliyəm, 40 günlük əkiz körpəm var, usta işləyirəm.
Çox çətindir, çatdırmaq olmur, bilmək isdərdim ki, atamın 60 min AZN kapitalını və ya müəyyən faizinin ailəsinə verilmə huququ varmı? Qeyd edim ki, sosial yardıma müraciət zamanı rəsmi iş yeri tələb edildiyi üçün imtina olunur”.
Ümumiyyətlə, pensiya kapitalı ilə bağlı mövcud problem ən aktual məsələlərdən biridir. Niyə toplanmış pensiya kapitalı birdəfəlik olaraq vətəndaşa verilmir? Bunun ölkəmizdə tətbiqi mümkündürmü?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebheinfo.az”-a bildirib ki, qanunvericiliyə uyğun olaraq toplanmış pensiya kapitalı pensiya yaşına çatdıqda pensiya hüquqi yaradır:
“Azərbaycanda pensiya yaşı müxtəlif formada müəyyən edilir. Onlardan biri güzəştli şərtlərlə pensiya hüququdur ki, onlara müəyyən peşə sahələrini, ağır əmək, dövlət qulluğu, məhkəmələr kimi kifayət qədər fəaliyyət sahələrini aid etmək olar. Onlar vaxtından əvvəl, 65 yaşı tamam olmamış pensiyaya çıxa bilirlər.
Digər tərəfdən, qanunvericilikdə çoxuşaqlı analara güzəştli şərtlərlə pensiya hüququ təmin olunur. Bundan başqa, əlilliyi olan şəxslər var. Ancaq digər bütün şəxslər 65 yaşına çatmalıdırlar ki, pensiya hüququ əldə etsinlər.
Pensiya kapitalının toplanması bir faktordur. Hətta insan 35-40 yaşında belə, həmin kapitala nail ola bilər. Çünki şəxsin daha yüksək əməkhaqqı olan sahədə çalışaraq müvafiq kapitalı toplamaq imkanı əldə etməsi mümkündür. Nəzərə almaq lazımdır ki, pensiya hüququ yarananda, pensiyanın hesablanması sistemi fərqli olur.
Yəni bu dəfə toplanmış kapital 144-ə bölünmür və artıq hökumət 144-ün üzərinə 65 yaşla pensiyaya çıxdığınız yaş arasındakı fərqi də gəlir. Deyir ki, əgər siz 50 yaşda pensiyaya çıxırsınızsa, 15 ili də 144-ün üzərinə gəlir. Bu zaman toplanmış kapital 144-ə bölünür. Beləliklə, şəxsə çox kiçik məbləğdə pensiya ayrılır”.
Ekspertin sözlərinə görə, pensiya sisteminin ümumi fəlsəfəsi ondan ibarətdir ki, ahıllıq dövründə vətəndaşın rifahını təmin edilməsi imkanı formalaşdırılsın:
“Dünya təcrübəsində daha əlverişli şərtlərlə pensiya kapitalından istifadə edən ölkələr çoxdur.
Bu ölkələr müxtəlif şərtlər daxilində pensiya kapitalının müəyyən bir qismini istifadəyə imkan yaradır. Çünki müəyyən bir qismi həmin şəxsin ahıllıq dövründə məhz pensiyasının dövlət tərəfindən ödənilməsini kompensasiya edə bilməlidir.
Ən azından, Azərbaycan nümunəsində minimum pensiya kapitalı qədər vəsait saxlamaq, digər hissəsini vətəndaşa hansısa şərtlər daxilində verə bilərlər. Şəxs ondan müalicə, mənzil şəraitinin yaxşılaşdırılması kimi məqsədlərlə istifadə edə bilər. Ancaq minimum hissə saxlanılmalıdır.
Çünki qanunvericiliyə uyğun olaraq, dövlətin minimum şərtlər daxilində vətəndaşın rifahının təmin edilməsi öhdəliyi var. Bu, hökumətin konstitusion hüququdur və onun maliyyələşməsi üçün toplanmış vəsait də toplanmış kapital hesabına ödənilir. Vətəndaşların narazılıqları haqlıdır.
Azərbaycanda bugünki şərtlər daxilində və hökumətin müvafiq istiqamətdə qərar qəbul edəcəyini demək sadəlövhlük olardı. Çünki mövcud şəraitdə hökumətin prioriteti pensiya sistemində gəlirlərin xərcləri ödəməsi istiqamətindədir.
Hazırda isə gəlirlər xərcləri tam ödəyə bilmir və dövlət büdcəsi bu istiqamətdə subsidiyalar ayırır. Əvvəlki illərlə müqayisədə hələlik vəziyyət yaxşı olsa da, hələ də dövlət büdcəsinin birbaşa dəstəyi olmadan Dövlət Sosial Müdafiə Pensiya Fondunun xərclərinin kompensasiya edilməsi mümkünsüzdür.
Belə bir şəraitdə hökumətin güzəştli şərtlərlə hansısa pensiya kapitalından istifadə hüququ yaratması haqqında mövqe ortaya qoyacağını gözləmirəm”.