Rusiyada 2026-cı ilin 1 sentyabr tarixindən başlayaraq, orta məktəblərin birinci sinfində tədris ev tapşırıqları olmadan həyata keçiriləcək.
Turkustan.az Bakupost-a istinadən xəbər verir ki, belə bir qərar Rusiya Təhsil Nazirliyi tərəfindən verilib.
Nəticədə növbəti tədris ilindən başlayaraq, ev tapşırıqları birinci sinifin tədrisindən çıxarılacaq.
Azərbaycanda da xeyli müddətdir sözügedən məsələ müzakirə olunur. Amma buna baxmayaraq, hələ də məktəbə ilk qədəm qoyan uşaqlara ev tapşırıqları da verilir.
Sabiq deputat, təhsil mütəxəssisi Sona Əliyeva Bakupost.az-a bildirib ki, birinci sinifdə ev tapşırıqlarının ləğvi müasir pedaqogikanın ən çox müzakirə olunan və bir çox inkişaf etmiş ölkədə tətbiq edilən mütərəqqi yanaşmalarından biridir:
“Bu günün pedaqogiya və inkişaf psixologiyası göstərir ki, 6–7 yaşlı uşaqlar üçün əsas prioritet məktəbə sağlam psixoloji adaptasiya, öyrənməyə marağın formalaşdırılması və sosial bacarıqların inkişafıdır”.
Ekspert qeyd edir ki, 6-7 yaş dövründə ağır və məcburi ev tapşırıqlarının akademik faydası olduqca məhduddur:
“Finlandiya kimi dünyanın ən uğurlu təhsil sistemlərində ilk siniflərdə ev tapşırıqları ya minimum səviyyədədir, ya da ümumiyyətlə tətbiq edilmir. Məsələ pedaqoji ictimaiyyətdə uzun müddətdir müzakirə olunsa da, birmənalı "bəli" və ya "yox" cavabı yoxdur — bu qərarı həm dəstəkləyən, həm də etiraz edənlər var. Məsələn, ev tapşırığının olmamasını dəstəkləyənlərin arqumetinə görə, 6-7 yaşlı uşaqların diqqət müddəti çox qısadır və dərsdən sonra əlavə akademik tapşırıqlar onlarda məktəbə qarşı neqativ düşüncə yaradır. Çünki, bu yaşda oyun, sosial bacarıqlar, motor inkişafı və ailə ilə vaxt keçirmək akademik biliklərdən az əhəmiyyətli deyil. Həmçinin, tədqiqatların bir çoxu göstərir ki, ibtidai sinif səviyyəsində ev tapşırığının akademik nəticələrə təsiri çox azdır”.
Müsahibimizin sözlərinə görə, digər tərəfdən ev tapşırığı yalnız akademik bilik üçün deyil, həm də məsuliyyət, müstəqil işləmək vərdişi və nizam-intizam formalaşdırmaq üçün istifadə oluna bilər:
“Əlbəttə ki, sinifdə öyrənilənin təkrarlanması da bilik və bacarıqların yaddaşda möhkəmlənməsinə kömək edir”.
Onun fikrincə, belə bir qərar verilsə də, o ev tapşırıqlarının tamamilə ləğv edilməsi kimi də başa düşülməməlidir:
“Bu qərar sadəcə tapşırıqların formasını dəyişməklə bağlı ola bilər. Məsələn, uşaqların müxtəlif mövzularda müşahidə aparması, oyun və yaradıcılıq fəaliyyəti ilə məşğul olması ev tapşırıqlarından daha faydalıdır”.
S. Əliyeva qeyd edir ki, ev tapşırıqlarının ləğvi bir çox amillərdən asılıdır.
Onun dediyinə görə, məktəbdə keçirilən vaxtın həcmi, sinifdə şagirdlərin sayı, müəllimlərin fərdi yanaşma imkanı və valideyn gözləntiləri də burada rol oynayır:
“Rusiyada qərar mərkəzləşdirilmiş şəkildə qəbul olunub. Amma real təcrübədə müəllimlər tez-tez tövsiyə xarakterli tapşırıqlar verməyə davam edirlər.
Azərbaycanda isə hal-hazırda verilən sual ev tapşırığı olsun və ya olmasın sualı kimi qoyulmamalıdır. Ev tapşırıqlarının həcmi və forması necə olsun ki, o kiçik yaşlı uşağın psixososial və akademik inkişafına eyni şəkildə xidmət etsin? Çünki məqsədimiz düşünən, araşdıran, öyrənməyi sevən uşaqlar yetişdirməkdir”.
Bu səbəbdən də müsahibimiz 1-ci sinifdə ev tapşırıqlarının məzmun və zərurətinin yenidən qiymətləndirilməsinin tərəfdarıdır:
“Ciddi elmi tədqiqatlar da göstərir ki, 6-7 yaşlı uşaqlar üçün ən effektiv öyrənmə forması oyun-əsaslı və böyüklərlə birgə edilən fəaliyyətlərdir. Ona görə də yorucu ev tapşırıqları əvəzinə bu istiqamətlərdə yaradıcı fəaliyyətlər təşviq edilməlidir”.