ABŞ mediasından Türkiyənin Tramp qarşılamasına diqqət


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Görüşü öncəsi Türkiyəyə rəsmi səfər edən ABŞ Prezidenti Donald Trampı Prezident Kompleksində təntənəli mərasimlə qarşılayıb.

Turkustan.az xəbər verir ki, iki liderin görüşü dünya mediasında, xüsusilə də ABŞ mətbuatında geniş əks-səda doğurub.

Prezident Kompleksinə aparan yollarda üzərində aypara və ulduz təsviri olan nəhəng Türkiyə bayraqları dalğalanıb. Trampın rəsmi avtomobilinin daxil olduğu karvan Türkiyə Silahlı Qüvvələrinin Süvari Mərasim Bölməsi tərəfindən müşayiət olunub.

Türkiyə və ABŞ bayraqları ilə bəzədilmiş süvarilərin karvanın hər iki tərəfində nizamlı şəkildə hərəkət etdiyi anlar dron kameraları ilə lentə alınıb. Protokola uyğun keçirilən bu müşayiət mərasimi qarşılanmanın təntənəli atmosferini nümayiş etdirib.

Ağ Evin aparat rəhbəri və Trampın yaxın çevrəsindən olan Den Skavino da həmin görüntüləri sosial media hesabında paylaşıb.

ABŞ mediası qarşılanma mərasimini geniş işıqlandıraraq Türkiyənin təşkil etdiyi rəsmi protokola diqqət çəkib. Marş orkestrinin ifası və dövlət himnlərinin səsləndirilməsi ilə mavi xalça üzərində yürüyən Ərdoğan və Tramp mərasim qarovulunu salamlayıblar. Səmada rəngli tüstü effektləri fonunda iki lider kameralara dostluq mesajları verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ