“Arzum”u İlkin Süleymanovla nə birləşdirir? - DETALLAR


Tiktoker İlduzə Hacıyeva (“Arzum999”) barəsində çıxarılan həbs hökmü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Qərarla bağlı etirazlar səsləndirilir. Sosial şəbəkələrdə bu hökm Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum olunan İlkin Süleymanova verilən cəza ilə müqayisə edilir. Bir çox istifadəçi hər iki qərarın ədalətli olmadığını bildirir və ictimai narazılıqla qarşılanır.

Bu iki iş üzrə verilən hökmləri cəmiyyət niyə qəbul etmir? Etiraza səbəb nədir?

Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov bu, həmin qərarın hüquqi qüvvəsinə və nəticələrinə birbaşa təsir göstərmir deyib.

“Azərbaycan hüquqi dövlətdir və məhkəmələr qərar qəbul edərkən ictimai rəyi deyil, qanunun tələblərini, sübutları və iş üzrə müəyyən edilmiş faktiki halları rəhbər tutmalıdır. İctimai rəyin formalaşmasında yayılan məlumatların xarakteri mühüm rol oynayır. Xüsusilə rezonans doğuran cinayət işlərində rəsmi təsdiqini tapmamış məlumatların geniş yayılması insanların hadisəyə münasibətinə ciddi təsir göstərir. Buna görə də belə hallarda hüquq-mühafizə orqanlarının və məhkəmələrin rəsmi açıqlamalarına istinad etmək daha düzgün yanaşmadır.

Məsələn, İlkin Süleymanovla bağlı cinayət işi zamanı sosial şəbəkələrdə və müxtəlif platformalarda bir-biri ilə ziddiyyət təşkil edən çoxsaylı məlumatlar yayıldı. Mərhum Nərminin ailə üzvlərinin müxtəlif vaxtlarda səsləndirdiyi fərqli fikirlər, İlkin Süleymanovun yaxınlarının açıqlamaları və hadisə ilə prosessual əlaqəsi olmayan şəxslərin şərhləri cəmiyyətdə ciddi informasiya qarışıqlığı yaratdı. İnsan psixologiyasında isə ilk əldə olunan informasiya daha güclü təsir göstərdiyindən, sonradan təqdim edilən rəsmi məlumatlar belə həmin təsəvvürü dəyişməkdə çətinlik çəkir”.

Hüquqşünas bildirib ki, eyni yanaşma “Arzum” ilə bağlı yol-nəqliyyat hadisəsinə də aiddir:

“Hadisə ictimai rezonans doğurduğu üçün sosial şəbəkələrdə müxtəlif mövqelər formalaşdı. Xanım tiktokeri izləyən və ona simpatiya bəsləyən şəxslər onun mövqeyini müdafiə edən paylaşımlar etdilər ki, bu da digər insanların hadisəyə münasibətinə təsir göstərdi. Lakin yol-nəqliyyat hadisələrinə hüquqi qiymət sosial şəbəkələrdə yayılan videolar və şərhlər əsasında yox, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolları, şahid ifadələri və digər sübutlar əsasında verilir. Kənardan baxan şəxs nəqliyyat vasitələrinin bir-birinə toxunmadığını düşünə bilər. Ancaq bu, avtomatik olaraq hüquqi məsuliyyətin olmadığı anlamına gəlmir. Yol hərəkəti qaydalarının pozulması nəticəsində qəza şəraitinin yaradılması da hüquqi məsuliyyət yarada bilər və buna hüquqi qiyməti ekspertiza verir. Bu hadisədə cəmiyyətin diqqətini daha çox çəkən məqamlardan biri qəzadan sonra hadisə yerinin tərk edilməsi, ölkədən çıxması ilə bağlı yayılan məlumatlar və sosial şəbəkələrdə paylaşdığı görüntülər oldu. Bu hallar cəmiyyətin bir hissəsində narazılıq yaratdı və mərhumun yaxınlarının reaksiyasını gücləndirdi. Lakin həmin hallara hüquqi qiyməti yalnız məhkəmə verə bilər”.

Xəyal Bəşirov qeyd edib ki, insanların hadisələrə emosional reaksiya verməsi təbiidir:

“Amma məhkəmə qərarları ictimai rəydən yox, qanunun tələblərindən irəli gəlməlidir. Əks halda, məhkəmələr qanuna deyil, ictimai təzyiqə əsasən qərar vermək məcburiyyətində qalar ki, bu da ədalət mühakiməsinin mahiyyətinə ziddir. Bu baxımdan hesab edirəm ki, məhkəmənin əsas vəzifəsi cəmiyyətin gözləntilərini yox, qanunun tələblərini rəhbər tutmaqdır. Qərarların hüquqa, sübutlara və ədalət prinsipinə əsaslanması onların ictimai rəylə üst-üstə düşməsindən daha vacibdir”.


MANŞET XƏBƏRLƏRİ