Sosial vəziyyəti ağır olan, maddi imkanı məhdud ailələrin yaşadıqları evlərin yararsız vəziyyətdə olması onların gündəlik həyatına və yaşayış keyfiyyətinə ciddi təsir göstərir. Bir çox hallarda bu ailələrin mənzillərini təmir etdirmək üçün maddi imkanları olmadığından dövlət dəstəyinin göstərilməsi ilə bağlı təkliflər gündəmə gəlir.
Bəs aztəminatlı ailələrin evlərinin dövlət hesabına təmir olunması üçün xüsusi mexanizmin yaradılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı hesab edir ki, aztəminatlı ailələrin dəstəklənməsi dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri olmalıdır.
Onun sözlərinə görə, dünya təcrübəsində sosial vəziyyəti ağır olan insanların mənzil şəraitinin yaxşılaşdırılması müxtəlif mexanizmlərlə həyata keçirilir:
“Bir çox ölkələrdə bu istiqamətdə əsas yük xeyriyyə fondlarının, dini qurumların və ictimai təşkilatların üzərinə düşür. Xristian ölkələrində kilsələr bu prosesdə fəal iştirak edir. Söhbət təkcə evlərin təmirindən ibarət deyil, həmin insanların normal yaşayış şəraitinin təmin olunmasından gedir.”
A.Nağı bildirib ki, Azərbaycanda da aztəminatlı ailələrə dövlət dəstəyi göstərilir. Lakin belə bir mexanizmin geniş şəkildə tətbiqi üçün hüquqi və təşkilati məsələlərin həllinə ehtiyac var:
“Dövlət tərəfindən sosial yardımlarla bağlı mexanizmlər mövcuddur və bu sahədə müxtəlif müzakirələr aparılır. İnsanların layiqli yaşaması üçün ən vacib amillərdən biri yaşayış yeridir. Elə ailələr var ki, öz imkanları hesabına evlərini təmir etdirə bilmirlər.”
Partiya sədri şəhid ailələri və qazilərin xüsusi diqqətdə saxlanılmasının vacibliyini də vurğulayıb. O, qeyd edib ki, əvvəllər belə hallarla bağlı dövlət qurumlarına edilən müraciətlər müsbət nəticə verib:
“İkinci Qarabağ müharibəsindən əvvəl şəhid ailəsinin ağır vəziyyətdə olan evi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdik. Qısa müddət ərzində ailəyə dəstək göstərildi və ev təmir olundu. Ancaq bunlar ayrı-ayrı hallardır. Əsas məsələ bu prosesin sistemli şəkildə təşkil edilməsidir.”
Akif Nağının fikrincə, bu istiqamətdə təkcə dövlət deyil, xeyriyyə fondları, iş adamları, yerli icra hakimiyyətləri və dini qurumlar da fəal rol oynamalıdır:
“Məscidlərdə də ianələr toplanır və həmin vəsaitlərin bir hissəsi real ehtiyacı olan ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilə bilər. Dövlət, xeyriyyə fondları, sahibkarlar və dini qurumlar koordinasiyalı şəkildə fəaliyyət göstərsələr, daha çox ailəyə dəstək vermək mümkündür.”
A.Nağı hesab edir ki, belə bir əməkdaşlıq mexanizmi yaradılarsa, həqiqətən ehtiyacı olan ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində daha effektiv nəticələr əldə edilə bilər.