Azərbaycanda bəzi dövlət qulluqçuları əmək pensiyası almaq hüququ əldə etməsələr belə, müəyyən şərtlər daxilində ömürlük sosial müavinət ala bilərlər.
Turkustan.az Baki.vs-yə istinadla xəbər verir ki, bunun üçün qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab vermək kifayətdir.
Mövcud qaydalara əsasən, inzibati və yardımçı vəzifələrdə çalışan dövlət qulluqçuları pensiya yaşına çatdıqları və ya əlilliyə görə könüllü şəkildə dövlət qulluğundan ayrıldıqları halda bu hüquqdan yararlana bilərlər. Lakin bunun üçün onların ən azı 15 il dövlət qulluğu stajı olmalı, eyni zamanda əmək pensiyası almaq hüququ qazanmamış olmaları tələb edilir.
Müavinətin məbləği dövlət qulluqçusunun son vəzifəsi üzrə aldığı dövlət məvacibinə əsasən hesablanır. Hesablama zamanı işdən çıxmazdan əvvəlki son 12 təqvim ayının orta aylıq əməkhaqqısı nəzərə alınır. Əgər şəxs dövlət qulluğunda 12 aydan az işləyibsə, müavinət faktiki işlədiyi tam aylar üzrə hesablanır.
Qanunvericiliyə əsasən, aylıq ödənilən müavinət dövlət qulluqçusunun hesablanmış dövlət məvacibinin 15 faizi həcmində müəyyən edilir. Dövlət məvacibinə vəzifə maaşı ilə yanaşı, mükafatlar və qulluq stajına, ixtisas dərəcəsinə görə verilən əlavələr də daxildir.
Bu müavinət ömürlük təyin olunur. Lakin şəxs sonradan yenidən dövlət qulluğuna qəbul edilərsə, müavinətin ödənişi dayandırılır.
Müavinət almaq istəyən şəxslər hüquqları yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna, DOST mərkəzlərinə və ya müvafiq vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər.
Müraciət zamanı şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti və ya ondan çıxarış, həmçinin son dövlət məvacibi barədə arayış təqdim edilməlidir.
Qurum müraciətə 10 gün ərzində baxaraq qərar qəbul edir. Müavinətin təyin edilməsindən imtina olunarsa, müraciət edən şəxsə bunun səbəbi 5 gün ərzində rəsmi şəkildə bildirilir. Vətəndaş bu qərardan inzibati qaydada və ya məhkəmə vasitəsilə şikayət verə bilər.
Qeyd edək ki, şəxs müavinət almaq hüququna malik olduğu halda vaxtında müraciət etməyibsə, ödənişlər ən çox üç il əvvəlki dövr üçün hesablanaraq verilə bilər.