Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək


Dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunan keçmiş məcburi köçkünlər statusları ləğv edilsə də, 3 il müddətində aylıq müavinət və digər sosial güzəştlərdən istifadə etmək hüququnu saxlayacaqlar.

Turkustan.az məlumatına görə bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, yeni dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunan və ya təklif edilən mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv ediləcək. Bununla belə, həmin şəxslər statuslarını itirdikdən sonra da 3 il müddətində dövlətin sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar.

Vüqar Bayramov qeyd edib ki, hazırda qüvvədə olan qaydalara əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan ailənin hər bir üzvünə aylıq 60 manat məbləğində müavinət ödənilir. Yeni dəyişikliklər bu ödənişlərin dövlət tərəfindən mənzillə təmin olunmuş keçmiş məcburi köçkünlər üçün də əlavə 3 il davam etməsini nəzərdə tutur.

Deputatın sözlərinə görə, bu müddət ərzində keçmiş məcburi köçkünlər yalnız aylıq müavinət deyil, digər sosial güzəştlərdən də yararlanacaqlar. Belə ki, ödənişli əsaslarla dövlət universitetlərinə qəbul olunan keçmiş məcburi köçkün ailələrinin övladlarının təhsil haqları dövlət tərəfindən ödənilməyə davam edəcək. Əgər tələbə universitetə güzəşt hüququ ilə daxil olubsa, onun təhsil müddəti 3 ildən artıq olsa belə, həmin hüquq bütün təhsil dövrü ərzində qüvvədə qalacaq.

Vüqar Bayramov vurğulayıb ki, dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını göstərir. Onun sözlərinə görə, məqsəd doğma yurdlarına qayıdan və dövlət tərəfindən mənzillə təmin olunan vətəndaşların yeni yaşayış şəraitinə uyğunlaşmasını asanlaşdırmaq və sosial təminatlarını qorumaqdır./modern.az


MANŞET XƏBƏRLƏRİ