Netanyahu Türkiyəyə F-35 satışını tənqid etdi - Tramp nə qərar verəcək?


ABŞ Prezidenti Donald Trampın Ankarada Türkiyənin F-35 qırıcı proqramına yenidən qoşulmasına hazır olduğunu elan edəcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, bu addım Trampın 2019-cu ildə Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə tətbiq etdiyi qadağanın faktiki ləğvi kimi qiymətləndirilir.

Lakin əsas maneə ABŞ Konqresinin qəbul etdiyi qanundur. Həmin qanuna əsasən, administrasiya Türkiyənin artıq S-400 sistemlərinə sahib olmadığını təsdiqləməyincə, F-35 qırıcılarının Ankaraya satışı mümkün deyil.

Müzakirə olunan variantlar arasında S-400 komplekslərinin üçüncü ölkəyə verilməsi, onların istifadəyə yararsız vəziyyətə salınması və ya əsas komponentlərinin sökülməsi yer alır.
Türkiyə uzun müddətdir F-35 proqramına qayıtmağa çalışır. Bununla yanaşı, Ankara indiyədək S-400 sistemlərindən imtina etmək istəməyib. ABŞ isə hesab edir ki, Rusiya istehsalı olan bu sistemlər Amerikanın beşinci nəsil F-35 qırıcılarının texniki imkanları barədə məlumat toplaya bilər.

Trampın mümkün qərarı Konqresdə etirazla qarşılaşa bilər. Buna həm bəzi Respublikaçı qanunvericilər, həm də İsrail qarşı çıxır. İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyəyə F-35 satışını kəskin tənqid edərək, Prezident Rəcəb Tayyib Ərdoğanı İsrail, Yunanıstan və Kipr üçün təhlükə yaratmaqda ittiham edib.

Donald Trampın Ankaraya səfəri NATO daxilində hərbi xərclər, ABŞ-İran gərginliyi və Ukrayna ilə bağlı fikir ayrılıqları fonunda baş tutur. Səfər çərçivəsində Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşü planlaşdırılır. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ