Azərbaycanda fəaliyyət göstərən “Bolt” taksi şirkəti kartla ödənişli sifarişləri ləğv edən sürücüləri cərimələməyə başlayıb. İddialara görə, xəbərdarlıq edilmədən onların balanslarında mənfi məbləğ yaranıb. Məlumata görə, şirkət sözügedən tələbin əvvəlcədən elan edildiyini deyib. Sürücülər isə əksini iddia edirlər.
Sürücüyə sifarişi ləğv etmək hüququ verilirsə, cərimə edilə bilərmi? Kartla ödənişdən imtina edənlər həqiqətən cərimələnməlidirmi?
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, hazırda bu məsələ ətrafında ciddi mübahisələr gedir:
“Burada haqlı olan tərəf, şübhəsiz ki, sərnişindir. Çünki bütün hallarda yaranan problemlərdən ən çox zərər çəkən onlardır. Məsələn, başqa ölkədən gələn bir sərnişin gecə vaxtı hava limanından taksi sifariş edir. Onun cibində Azərbaycan manatı olmaya bilər və belə halda ödənişi kartla etməli olur. Əgər sürücü kartla ödənişi qəbul etmirsə və bu səbəbdən mübahisə yaranırsa, nəticədə narazılıq şirkətə yönəlir. Bütün taksi şirkətlərinin qiymətləndirmə sistemi mövcuddur. Sərnişinin şikayətini bildirməsi və nəticədə sürücünün cərimələnməsi, yaxud haqqında başqa tədbirlərin görülməsi mümkündür”.
İlqar Hüseynli
Ekspert bildirib ki, qanunvericiliyə görə bütün vergi ödəyiciləri kimi, taksi sürücüləri də POS terminallardan və onlayn ödəniş sistemlərindən istifadə etməlidirlər:
“Yəni taksi xidmətlərinə görə həm nağd, həm də nağdsız ödənişlərin qəbulu qanunla təsbit olunub. Taksi şirkətləri sürücüləri kartla ödənişi imtinaya məcbur edə bilməz. Bu, həm qanuna, həm də istehlakçı hüquqlarına ziddir. Sürücü xidməti qəbul etdikdən sonra sərnişin istədiyi ödəniş formasını seçə bilər. Sifarişin ləğv edilməsi yalnız istisna hallarda mümkündür: məsələn, sərnişin gəlmədikdə, yaxud sərxoş vəziyyətdə olduqda…Amma ödəniş formasına görə sifarişin ləğv edilməsi yolverilməzdir. Digər tərəfdən, kartla ödəniş zamanı məbləğ tam şəkildə şirkətə keçir, lakin nağd üsulda adətən məbləğ yuvarlaqlaşdırılır və qəpik fərqləri sürücünün əlavə qazancına çevrilir. Bu isə gün ərzində təxminən 15-20 manat təşkil edə bilir. Bəzi sürücülər də məhz bu səbəbdən kartla ödənişlərdən imtina edirlər”.