Azərbaycanda mənzil bazarında qiymət artımı 2026-cı ilin II rübündə də davam edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, rüb ərzində mənzil bazarında qiymət indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə8,6 faiz artıb.
Qiymət artımı xüsusilə ilkin mənzil bazarında daha yüksək olub. Yeni tikililərdə mənzillərin qiyməti illik 12,4 faiz yüksəlib. Təkrar mənzil bazarında isə illik artım 8,6 faiz təşkil edib.
Artım eyni templə davam edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib ki,daşınmaz əmlak bazarında ümumən qiymət artımı müşahidə olunur:
“Torpaq, yeni və təkrar mənzil bazarında qiymət artımları daha çoxdur. Ən az qiymət artımı qeyri-yaşayış sahələrində qeydə alınıb. Bu artım nəinki ilin ikincü rübündə, həm də iyul ayında davam edib. Doğrudur, bu hələ ki, sıçrayışlı artımlar deyil. Ayda 2-3 faiz bahalaşma müşahidə edilir. Səbəb də odur ki, tədricən paytaxtda ucuz mənzillər sıradan çıxır, tikintinin maya dəyəri artır. Bu da normal prosesdir. Çünki paytaxtda tələb təklifi hələ ki, üstələyir”.
İcarə bazarında da bahalaşma davam edir
2026-cı ilin iyununda icarəçi tərəfindən ödənilən icarə haqları illik əsasda 7,4 faiz artıb. Aylıq müqayisədə isə artım 0,3 faiz təşkil edib.
İllik artımın aylıq göstəricidən əhəmiyyətli dərəcədə yüksək olması icarə bazarında qiymət təzyiqinin daha uzunmüddətli xarakter daşıdığını göstərir. Başqa sözlə, iyunda aylıq bahalaşmanın nisbətən zəif olması illik qiymət artımının artıq əvvəlki aylarda formalaşmış yüksək bazanın nəticəsi olduğunu göstərir.
Müsahibimiz bildirib ki, icarə bazarında da böyük olmasa da qiymət artımı var:
“5-6 il əvvələ qədər yay aylarında icarə bazarında durğunluq yaranırdı. Hətta bəzi hallarda qiymətlər aşağı düşürdü. Bu da onunla bağlı idi ki, tələbələr yay tətilinə çəxdıqları üçün kirayə götürdükləri mənzilləri geri verirdilər. Amma o illərdə avqust-sentyabr aylarında icarə bazarında qiymət sıçrayışları olurdu.
Məhz bu səbəbdən indi icarədarlar qiymət artımından özlərini sığortalamaq üçün yay aylarında mənzilləri boşaltmırlar. Ona görə də icarə bazarında son 3-4 ildə ucuzlaşma qeydə alınmır. Bu ilin birinci yarısında icarə bazarında qiymət artımı cüzi olsa da, yaxın bir ayda qiymət sıçrayışının olacağı gözlənilir”.