Almaniya kansleri Fridrix Merz ölkəsinin ən vacib müttəfiqi olan ABŞ-ın qaydalara əsaslanan beynəlxalq nizamdan uzaqlaşdığını söyləyib.
Turkustan.az xəbər verir ki, Almaniya mətbuatının yaydığı xəbərlərə görə, eyni zamanda Xristian Demokrat Birliyinin (CDU) sədri olan Merz Baden-Vürtemberq əyalətinin Heddeshaym şəhərində partiyası tərəfindən təşkil edilən tədbirdə çıxış edib.
Merz çıxışında Avropanı ABŞ-dan daha müstəqil olmağa çağıraraq bildirib: “Dünyadakı ən vacib müttəfiqimiz olan ABŞ-ın qaydalara əsaslanan nizamdan uzaqlaşdığını görürük”. O, ABŞ siyasətinin beynəlxalq hüquqa deyil, getdikcə daha çox gücə və şəxsi maraqlara əsaslanan bir xətt üzrə inkişaf etdiyini iddia edib.
ABŞ prezidenti Donald Trampın tənqid edilə biləcəyini etiraf edən Merz, bununla belə, “Əgər qarşı tərəf reaksiya vermirsə və öz addımlarını doğru hesab edirsə, tənqidin nə faydası var?” sualını səsləndirib.
Merz qeyd edib ki, Almaniya “başını quma basmaq” yolunu seçməməli, hörmət qazanmaq üçün öz maraqlarını qorumağı öyrənməlidir.
Aytən Yaşar/ Turkustan.az