Ağ Evdə baş tutan görüşdən sonra jurnalistlərə açıqlama verən ABŞ prezidenti Donald Tramp bildirib ki, Maçado görüş zamanı onu “bir çox müharibənin başa çatmasındakı roluna görə” Nobel Sülh Mükafatına layiq gördüyünü deyib.
Turkustan.az xəbər verir ki, Tramp Maçadonun bu mövqeyindən məmnun qaldığını ifadə edərək, “Düşünürəm ki, o, çox dəyərli bir insandır və yenidən görüşəcəyik” deyib.
Trampın sözlərinə görə, Maçado ona belə bildirib: “Sən səkkiz müharibəni bitirmisən və bu mükafata səndən daha çox layiq olan heç kim yoxdur”. ABŞ prezidenti bunu “çox gözəl bir jest” kimi dəyərləndirib.
Tramp sosial media hesabında da Maçado ilə görüşü ilə bağlı paylaşım edərək, müxalifət liderinin Nobel Sülh Mükafatını təklif etməsini qarşılıqlı hörmətə əsaslanan xoş bir jest kimi xarakterizə edib.
Bununla yanaşı, Tramp əvvəlki açıqlamalarında Maçadonun Venesuelada hakimiyyəti ələ keçirmək üçün kifayət qədər xalq dəstəyinə və siyasi gücə malik olmadığını iddia etmiş, bu səbəbdən müvəqqəti prezident Delsi Rodrigez və onun hökuməti ilə əməkdaşlıq edəcəklərini bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az