Güney azərbaycanlılara Azərbaycandan çağırış – Milli maraqlarınıza təminat verən planlarda yer alın


“ABŞ və İsrail birlikdə İrandakı molla rejimini devirəcək, sadəcə bunun gec-tezi var. İranda məlum etirazlar başlayandan sonra Rza Pəhləvinin Misirə gəlməsi təsadüf deyil, çevrilişə hazırlığın tərkib hissəsidir, ancaq bu, heç də o demək deyil ki, məhz Rza Pəhləvini hakimiyyətə gətirmək istəyirlər”.

Bu barədə Musavat.com-a şərhində siyasi ekspert Aydın Quliyev bildirib. O qeyd edib ki, Misir Yaxın Şərqdə İsraillə və Amerika ilə qarşılıqlı işbirliyi içindədir. İranda hakimiyyətin taleyi ilə bağlı gedəcək proseslərə Misirdən açıq dəstək olacaq. Pəhləvinin Misirə gətirilməsi İranda hadisələrə təsir göstərmək və şah rejimi dövrünün tərəfdarlarının daha da aktivləşdirilməsi üçün taktikadır.

A.Quliyev vurğulayıb ki, Güney Azərbaycan əhalisi üçün çox ağır, həlledici seçim dövrü gəlib çatmaqdadır:

“Hissə qapılmaq və şüarlara uymanın zamanı deyil. İrandakı on milyonlarla azərbaycanlı qardaşlarımız keçmişdə olanlardan çox ağılla, soyuq başla nəticə çıxarmağı bacarmalıdırlar. Qurulan ssenarilərin Güney Azərbaycanın xeyrinə dəyişməyinə nail olmalıdırlar. 20-ci əsrin əvvəllərindən başlayaraq soydaşlarımız İrandakı proseslərdə kənarda qurulmuş ssenarilərin, oyunların iştirakçısı, bəzən aləti olublar. Nəticədə meydana çıxan hərəkatlarda sonda soydaşlarımız böyük qırğınlara, məhrumiyyətlərə məruz qalıblar. Ona görə də tarixdə baş vermiş həmin hadisələrdən nəticə çıxarmalıdırlar, öz talelərini ağıllı şəkildə düşünərək, kənardan kimlərinsə oyunlarının iştirakçısı olmamalıdırlar, oyun quran, ssenari quran və qurulan zərərli ssenariləri pozan özləri olmalıdırlar, İrandakı rejimin dəyişməsində öz maraqları ortaya qoymalıdırlar. Amma hər ssenarinin dəstəkçisi olmamalıdırlar, öz ssenarilərini qurmalıdırlar. Güneyli soydaşlarımız rejimi dəyişən o planlara dəstək verməlidirlər ki, həmin planların içində azərbaycanlıların milli hüquqları ən azından muxtariyyət səviyyəsində tanınacaq. Ona görə də soydaşlarımız sadəcə “molla rejimi dəyişsin kim gəlir-gəlsin” istəyi ilə ayağa qalxmaq yox, “Rejim dəyişəndən sonra Güney Azərbaycanlıların taleyi necə olacaq, milli-mədəni hüquqları necə qorunacaq” sualına cavab verən təminat əsasında hərəkət etməlidirlər”.


MANŞET XƏBƏRLƏRİ