Yaxın Şərqdə ümumi gərginliyin artdığı, ABŞ–İran münasibətlərinin kəskinləşdiyi və Vaşinqtonun Tehrana qarşı açıq hücum təhdidlərini gündəmdə saxladığı bir mərhələdə İsrail–İran xəttində nisbi sakitlik diqqət çəkir.
Bir müddət öncə İsrailin İrana birbaşa zərbə endirəcəyi ehtimalı yüksək qiymətləndirilsə də, rəsmi Təl-Əvivin hücum etməyəcəyini bəyan etməsi tərəflər arasında sanki müvəqqəti yumşalma təsiri yaradır.
Lakin bu vəziyyət gərginliyin aradan qalxması anlamına gəlmir. Müşahidə olunan sakitlik daha çox taktiki pauza, risklərin və zamanlamanın yenidən hesablanması kimi dəyərləndirilir.
Maraqlıdır görəsən, İsrail–İran münasibətləri həqiqətən yumşalıbmı? İsrailin İrana mümkün hərbi zərbə endirmək marağı azalıb?
Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə
İsrail–İran münasibətlərinin yumşaldığını demək çətindir. Hazırkı mərhələdə İsrail daha çox İranda davam edən etiraz aksiyalarını diqqətlə izləyir və bu prosesdə maraqlı tərəf kimi çıxış edir. Çünki həm İsrail, həm də ABŞ hərbi müdaxilədən çox, daxili etirazlar vasitəsilə İran hakimiyyətinin zəifləməsini və nəticə etibarilə rejim dəyişikliyini məqsəd qoyur.
Lakin görünən odur ki, etirazlar hələlik bu istiqamətdə ciddi nəticə vermir. Amerika Birləşmiş Ştatları hazırda müşahidəçi mövqedə dayanıb. Bununla belə, ABŞ və İsrail arasında İranla bağlı strateji planın mövcud olduğu istisna edilmir. İsrailin İrana hərbi zərbə endirmək niyyətində olduğu dəfələrlə gündəmə gəlib.
Bu mövzuda Rusiyanın da müəyyən vasitəçi rol oynadığı, İrana xəbərdarlıq xarakterli mesajlar ötürdüyü bildirilir. Çünki İranın əlində təxminən üç ay ərzində istifadə oluna biləcək raket potensialının olduğu və bu raketlərin birbaşa İsrail üçün ciddi təhlükə yaratdığı qeyd olunur. İsrailin təkbaşına belə bir müharibəyə başlaması real görünmür.
Tarix göstərir ki, regionda baş verən böyük hərbi əməliyyatlarda ABŞ sonradan prosesə qoşularaq strateji obyektləri, xüsusilə nüvə və hərbi infrastrukturu hədəfə alıb. Bu baxımdan İranla mümkün müharibənin də ABŞ-sız həyata keçirilməsi çətin hesab olunur. Nəticə etibarilə, hazırkı mərhələdə İsrail–İran münasibətlərində yumşalma müşahidə edilmir.
Hər iki tərəf birbaşa toqquşmadan yayınaraq qarşılıqlı zərbələri ölçüb-biçir. Əgər müharibə başlasa, bu lokal yox, regional xarakter daşıya bilər. Hazırda isə İsrail daha çox gözləmə və müşahidə mövqeyində qalmağa üstünlük verir.
Aytən Yaşar/ Turkustan.az