Xəbər verdiyimiz kimi, Rusiya İstintaq Komitəsi 2 sentyabr 2025-ci il tarixində keçirilən formal “xüsusi müşavirə”də AZAL təyyarəsinin vurulması əmrini verən general-mayor Aleksandr Tolopilo ilə bağlı bütün xidməti araşdırmaları dayandırıb. A.Tolopilo heç bir məsuliyyətə cəlb olunmayıb.
Rusiyanın bu addımı necə dəyərləndirilməlidir?
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya İstintaq Komitəsinin Azərbaycanın mülki təyyarəsini raketlə vuran şəxslərlə bağlı cinayət işinə xitam verməsi rəsmi Moskvanın Bakı ilə münasibətləri normallaşdırmaq niyyətində olmadığını göstərir:
“Münasibətlərin normallaşması üçün sualların tam şəkildə aradan qalxması lazımdır. Rusiya Prezidenti ötən ilin 9 oktyabrında Düşənbədə Azərbaycan Prezidenti ilə görüşü zamanı vəd etmişdi ki, cinayətkarlar cəzalandırılacaq və kompensasiya ödəniləcək. Lakin bunların heç biri yerinə yetirilmədi. Mən qətiyyən şübhə etmirəm ki, Rusiya İstintaq Komitəsi bu qərarı Putinin birbaşa tapşırığı ilə qəbul edib. Deməli, Rusiya lideri özü də kompensasiya ödəmək istəmir və cinayətkarların həbsinə razı deyil.
Belə olan halda iki ölkə arasında münasibətlərin tam normallaşmasından söhbət gedə bilməz. Əlbəttə, təmaslar davam edəcək, iqtisadi əlaqələr qalacaq. Lakin qarşılıqlı etimad əvvəlki səviyyədə olmayacaq. Bakı bu məsələdən bu qədər tez geri çəkilməyəcək”.