Türkiyə Somalidə öz Hərbi Hava Qüvvələrinin xüsusi komandanlığının yaradılması barədə qərar qəbul edib.
Turkustan.az xəbər verir ki, bu barədə HBN telekanalı Türkiyənin milli müdafiə naziri Yaşar Gülərə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, yeni komandanlığın ixtiyarında döyüş helikopterləri, qırıcı təyyarələr və hərbi-nəqliyyat vasitələri olacaq. Komandanlığın əsas məqsədi Somali Milli Ordusunun əməliyyat imkanlarının artırılmasıdır.
Yaşar Gülər bildirib ki, bu addım Ankara ilə Moqadişu arasında təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığın strateji tərkib hissəsidir və əsasən şəxsi heyətin hazırlanması, eləcə də terrorla mübarizə əməliyyatlarını əhatə edir.
Telekanalın qeyd etdiyinə görə, Türkiyə artıq Moqadişuda özünün ölkə xaricindəki ən böyük hərbi bazasına malikdir. TURKSOM adlı birgə əməliyyat çərçivəsində bu bazada minlərlə somalili hərbçi təlim keçir.
Məlumata əsasən, 2025-ci ilin noyabrında Somali və Türkiyə dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Bu da Türkiyənin Afrika Buynuzu regionunda strateji mövqelərinin gücləndiyini göstərir. Bundan əlavə, dekabrın 12-də Somali sahillərində, Hind okeanı ərazisində Türkiyəyə məxsus kosmodromun tikintisinə başlanılıb. /Globalinfo.az/