İran hazırda son onilliklərin ən dərin struktur böhranlarından birini yaşayır. Kütləvi etirazlar artıq lokal sosial narazılıq mərhələsini keçərək siyasi legitimlik böhranına çevrilib. Bu proses təkcə İranın daxili taleyini müəyənləşdirmir. Yaxın Şərq geosiyasətinin gələcəyini də həll edəcək əsas amillərdən birinə çevrilir.
İranda baş verən etirazların əsas drayveri makroiqtisadi kollapsdır. Milli valyuta olan rialın dəyəri tarixi minimuma enib, inflyasiya 50 faizi aşır, ərzaq, dərman və enerji qiymətləri nəzarətdən çıxıb. Orta sinif deqredasiyaya uğrayıb, yoxsulluq kütləviləşib.
Dövlətlə cəmiyyət arasında mövcud olan legitimlik balansı pozulub. İlk mərhələdə etirazlar iqtisadi tələblərlə başlayıb. Maaşlar, subsidiya, işsizlik və s. kimi şüarlar səsləndirilib. Lakin qısa müddətdə bu proses sistem əleyhinə siyasi mobilizasiyaya çevrildi. İndi əsas tələb rejimin dəyişdirilməsidir.
Təbii ki, baş verənlərə xaricdən müdaxilə də özünü göstərir. ABŞ lideri donald Tramp dəfələrlə etirazçıların yanında olduğunu, onlara atəş açılacağı təqdirdə İrana hücum edəcəyini söyləyib. Görünür, ABŞ İranı nəzarət altına almaq istəyir. İranın isə ən yaxın müttəfiq ölkəsi Rusiyadır. Media İrana bir sıra Rusiya təyyarələrinin uçduğu barədə məlumatlar yayıb.
Rusiyanın İranı necə dəstəkləyəcəyi diqqətçəkən məqamdır.
Modern.az-a açıqlamasında rusiyalı politoloq Sergey Markov bildirib ki, Rusiya İranı dost və siyasi tərəfdaş ölkə kimi dəstəkləyir, lakin bu dəstək ilk növbədə diplomatik müstəvidə özünü göstərir:
"Moskva Qərb ölkələrindən İranın daxili işlərinə müdaxiləni dayandırmağı tələb edir. Bu mövqe İranın maraqlarına da tam uyğundur. Çünki rəsmi Tehranın əsas qorxularından biri məhz xarici qüvvələrin – xüsusilə ABŞ, Avropa ölkələri və İsrail amilinin - İranın daxili işlərinə qarışması, ölkə daxilində iğtişaşlar və üsyanlar yaradaraq rejimi devirməyə cəhd göstərməsidir.
Eyni zamanda, bu yanaşma Rusiyanın xarici siyasətinin əsas prinsiplərinə-dövlətlərin suverenliyinə hörmət prinsipinə uyğundur. Bəziləri Rusiyanın Ukrayna böhranı fonunda bu prinsipə əməl etmədiyini iddia edə bilər, lakin Rusiya baxımından bu, belə deyil.
Rusiya həmçinin İran iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyan sahələrdə Tehrana dəstək göstərməyə hazırdır. Əgər İranda benzin və ya ərzaq qıtlığı yaranarsa və bu, iqtisadi sabitliyi təhdid edərsə, Moskva dərhal iqtisadi yardım göstərməyə hazır olduğunu bildirir. Ümumiyyətlə, İran iqtisadiyyatı kifayət qədər özünütəmin edən sistemdir. Ölkə uzun illərdir sanksiyalar şəraitində yaşayır və bu baxımdan sanksiyalara uyğunlaşma təcrübəsi olan ən uğurlu ölkələrdən biri hesab olunur.
Son illərdə İranın pilotsuz uçuş aparatları sahəsində yaratdığı sistemlər xüsusi diqqət çəkib. Bu dronlar Rusiyada da fəal şəkildə istifadə olunur və öz yüksək effektivliyini sübut edib. Onlar bir çox ölkələr üçün cəlbedici nümunəyə çevrilib".

S.Markov Rusiya və İranın siyasi və hərbi əməkdaşlıq etmələrinə baxmayaraq, aralarında rəsmi hərbi ittifaq olmadığını vurğulayıb:
"Siyasi və hərbi əməkdaşlıq məsələsinə gəlincə, Rusiya və İran bir-birinə dəstək göstərir, lakin aralarında rəsmi hərbi ittifaq mövcud deyil. Rusiya İranın xarici dövlətlər tərəfindən birbaşa hərbi hücuma məruz qalacağı halda, ona hərbi yardım göstərmək öhdəliyinə malik deyil. Bununla belə, İrana göstərilə biləcək yardım daha çox başqa sahələri əhatə edə bilər.
Çünki İranın problemləri yalnız xarici amillərlə bağlı deyil. Əsas problemlərdən biri əhalinin daxili siyasi vəziyyətdən, eləcə də hökumətin bəzi xarici siyasət addımlarından-xüsusilə Suriya və Livandakı fəaliyyətlərdən narazılığıdır. Bir çox iranlı bu addımları milli maraqlardan çox, xarici siyasət ambisiyalarının nəticəsi kimi qiymətləndirir.
Eyni zamanda İranın iri şəhərlərində yaşayan əhali sərt iqtisadi məhdudiyyətlərdən və xüsusilə qadın geyimi ilə bağlı qatı dini normalardan ciddi şəkildə yorulub. 2016-cı ildə qadın geyimi ilə bağlı insident nəticəsində bir qadının ölümü uzunmüddətli və kütləvi etirazlara səbəb olmuşdu.
Rusiya İrana hansı tövsiyələri verə bilər? Daha çox iqtisadi sahədə məsləhətlərin mümkün olduğu düşünülür. Lakin dini normalar məsələsində Rusiya nümunə ola bilməz, çünki Rusiya xristian ölkəsidir, İran isə müsəlman dövlətdir. Buna baxmayaraq, rusiyalı siyasi dairələr hesab edir ki, İran rəhbərliyi sosial gərginliyi azaltmaq üçün bəzi sərt məhdudiyyətləri mərhələli şəkildə yumşaltmalıdır. Ancaq indiyə qədər İran rəhbərliyinin bu tövsiyələrə əməl etdiyi barədə məlumat yoxdur.
Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkün ssenarilər arasında İran rəhbərliyinə, dövlət idarəetmə sisteminə və təhlükəsizlik qüvvələrinə qarşı koordinasiyalı zərbələrin endirilməsi cəhdləri də ola bilər. Məqsəd daxili üsyanları sinxronlaşdırmaq və ölkəni zəiflətməkdir".
Politoloq Güney Azərbaycandakı azərbaycanlılardan da bəhs edib:
"İranda etnik müxtəliflik də xüsusi risk amilidir. Ölkədə əsasən farslar, Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, eləcə də ərəblər və kürdlər mövcuddur. İranın mümkün parçalanması halında bu etnik qruplar arasında ciddi geosiyasi proseslər baş verə bilər.
Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar üçün bu ssenarilər xüsusilə mürəkkəb seçimlər yarada bilər: İranın tərkibində qalmaq, müstəqil dövlət yaratmaq, Azərbaycan Respublikasına birləşmək və ya Azərbaycanla müvəqqəti siyasi-diplomatik ittifaq qurmaq. Bunlar son dərəcə mürəkkəb və həssas məsələlərdir.
Hadisələrin çox sürətlə inkişaf edə biləcəyi ehtimalı nəzərə alınaraq, Azərbaycanın bu proseslərə hazır olması, müxtəlif siyasi və diplomatik ssenarilər üzərində öncədən düşünməsi məqsədəuyğundur. Əgər İran indiki vəziyyətini qoruyarsa, parçalanarsa və ya daxili qarşıdurmalar dərinləşərsə, Azərbaycan Cənubi Azərbaycanda yaşayan soydaşlarının müdafiəsi məsələsində daha aktiv mövqe tutmaq məcburiyyətində qala bilər.
Bu kontekstdə isə bir məqam aydındır: Rusiya İranın ərazi bütövlüyünü və dövlətçiliyini dəstəkləməyə davam edəcək və mümkün olan bütün vasitələrlə İranın bütöv qalmasına çalışacaq".