“İndi Kəlbəcər dağlarından elektrik xətləri çəkmək özlüyündə bir qəhrəmanlıqdır, özü də ağır hava şəraitində yollar, körpülər, misalçün, 70 kilometr uzunluğunda tunellər inşa edilir. Onların böyük əksəriyyəti başa çatıb”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“İlk növbədə, bu bölgə dəmir yolları – Bərdə-Ağdam, indi Ağdam-Xankəndi, avtomobil yolları, magistral, – yəni Zəngəzur dəhlizi öz yerində, – amma, eyni zamanda, Cəbrayıl, Hadrut, Laçın, Kəlbəcər bir-biri ilə bağlı olmalı idi.
Mən birinci dəfə Kəlbəcərdən Laçına gedəndə həyatımda belə təhlükəli yol görməmişdim. Uzun illərdir ki, avtomobil sürürəm, o cümlədən vaxtilə müxtəlif ölkələrdə də olanda sürmüşdüm, təbii ki, Azərbaycanın hər bir yerində, amma mən elə təhlükəli yol görməmişdim. Bəlkə də Göygöl-Kəlbəcər yolu, Murov aşırımı, – tunel tikilənə qədər o yoldan istifadə edirdik, – ona bənzər ola bilər. Yəni indi bu dördzolaqlı körpülərlə, tunellərlə təmin olunan yollar – bütün bunlar imkan verəcək ki, bir yerdə yaşayan insan o biri yerdə işləyə bilsin. Misalçün, Xankəndi-Şuşa məsafəsi o qədər də böyük deyil. Amma yenə də bu məsafəni daha da qısaltmaq üçün o yol boyunca tunel tikirik. Ya da ki, Şuşa-Laçın, o məsafəni də indi 40 dəqiqəyə getmək olar. Amma bu, yeni tunellərlə, yolların genişləndirilməsi ilə 20-25 dəqiqəyə düşəcək. Yəni imkan verəcək ki, mobillik artsın, o cümlədən Ağdamda yaşayan Şuşada gedib işləyəcək və əksinə”, – Prezident bildirib. /globalinfo.az/