R4 qrupu və Almaniya, Böyük Britaniya, Fransa və İtaliyanın xarici işlər nazirləri regional və qlobal böhranları müzakirə etmək üçün İstanbulda bir araya gəliblər.
Turkustan.az xəbər verir ki, görüşdə Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanını birləşdirən R4 qrupu ilə yanaşı, Almaniya, Böyük Britaniya, Fransa və İtaliyanın xarici işlər nazirləri iştirak ediblər. Görüşün yekununda birgə bəyanat yayımlanıb.
Nazirlər ABŞ/İsrail-İran münaqişəsini, İsrail-Fələstin qarşıdurmasını və iki dövlətli həll yolunun vacibliyini müzakirə ediblər. Həmçinin Husilərin Səudiyyə Ərəbistanına və Yəmən hökumətinə hücumları, Bab əl-Məndəb və Hörmüz boğazlarında, eləcə də Qara dənizdə artan gərginlik və dəniz nəqliyyatının təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.
Bəyanatda qeyd edilib ki, bu böhranlar təhlükəsizliyə, iqtisadiyyata və qlobal ticarətə mənfi təsir göstərir. Nazirlər həmin təsirləri azaltmaq üçün diplomatik səyləri davam etdirməyə sadiq olduqlarını bildiriblər.
Tərəflər regional münaqişələrin dialoq və diplomatiya yolu ilə həllinin vacibliyini vurğulayıb, davamlı sülhün BMT qətnamələrinə uyğun danışıqlar əsasında əldə edilməli olduğunu qeyd ediblər. Həmçinin regionda sülh və sabitliyin təmin olunması məqsədilə bu formatda dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Aytən Yaşar/ Turkustan.az