ABŞ Prezidenti Donald Trampın yaxın müşavirlərinin əksəriyyətinin onun İsrail seçkilərinə müdaxilə etməməli və Baş nazir Benyamin Netanyahunu açıq şəkildə dəstəkləməməli olduğu qənaətində olduğu bildirilir.
Turkustan.az xəbər verir ki, “Axios” nəşri bu barədə adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın müşavirləri Netanyahudan başqa bir şəxsin rəhbərlik etdiyi İsrail hökumətinin ABŞ prezidentinin Yaxın Şərq siyasətinə daha uyğun ola biləcəyini düşünürlər.
ABŞ rəsmilərindən biri Trampın Netanyahunu dəstəkləməsini “hər iki tərəf üçün faydalı” vəziyyət kimi qiymətləndirib. Onun sözlərinə görə, Netanyahu seçkilərdə qalib gəlsə, Tramp bu dəstəkdən öz xeyrinə istifadə edə bilər. Məğlub olacağı təqdirdə isə yeni baş nazirin də ABŞ prezidenti ilə işləməyə hazır olması mümkündür.
Digər bir rəsmi isə ifrat sağçı koalisiya tərəfdaşlarının daxil olmadığı İsrail hökuməti ilə işləməyin Tramp üçün daha asan ola biləcəyini bildirib.
Nəşrin məlumatına görə, Trampın müşavirlərindən biri prezidentin Netanyahuya münasibətini “tanıdığı bir şeytan” ifadəsi ilə təsvir edib.
Qeyd edək ki, Tramp oktyabrın 18-də İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərdə Netanyahunu tam dəstəklədiyini açıqlayıb.
ABŞ-ın vitse-prezidenti JD Vens isə İsrailin baş nazirinə dəstək verməkdən çəkinib. O, “Mən Bibi Netanyahunu tənqid etmirəm, amma onu dəstəkləmirəm də. Düşünürəm ki, sonda vacib olan prezidentin dəstəyidir”, – deyə bildirib.
Aytən Yaşar/Turkustan.az