Yunanıstanın Komotini və Ksantidə müftilər təyin etməsi Qərbi Trakya türk azlığının fundamental hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilib.
Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanı azlıq tərəfindən seçilmiş qanuni müftiləri tanımağa və təyin olunmuş müftiləri zorla qəbul etdirmək cəhdlərindən əl çəkməyə çağırıb.
Nazirlik Yunanıstanın Qərbi Trakyadakı türk azlığının müftiliklərinə münasibəti ilə bağlı yazılı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Yunanıstan Komotini və Ksantidə müftilər təyin etməklə Lozanna Sülh Müqaviləsi və beynəlxalq müqavilələrlə təmin edilən Qərbi Trakya Türk Azlığının fundamental hüquq və azadlıqlarını görməzdən gəlməkdə davam edir.
Vurğulanıb ki, müftilik institutu Qərbi Trakya Türk Azlığının dini, sosial və mədəni kimliyinin ayrılmaz hissəsidir. Yunanıstanın azlıq tərəfindən seçilmiş müftiləri tanımaqdan imtina etməsi onun iradəsinə və din azadlığına hörmətsizlik kimi qiymətləndirilib.
Bəyanatda bu yanaşmanın Yunanıstanın fundamental insan hüquqlarına münasibətini bir daha ortaya qoyduğu bildirilib.
Aytən Yaşar/Turkustan.az