Ukrayna Prezidenti Vladimir Zelenski mümkün olarsa, Rusiya ilə sülh müqaviləsini elə bu gün imzalamağa hazır olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o, bu barədə “ABC News”a müsahibəsində danışıb.
Zelenski Ukraynanın müharibəni mümkün qədər tez başa çatdırmağa, o cümlədən mövcud cəbhə xətti boyunca hərbi əməliyyatları dayandırmağa hazır olduğunu təsdiqləyib.
Onun sözlərinə görə, Rusiya hazırda Donbas ərazisinin 19 faizindən çoxuna nəzarət edir. Bununla belə, Kiyev müharibənin başa çatdırılması naminə əlavə əraziləri güzəştə getmək niyyətində deyil.
Ukrayna lideri ABŞ tərəfindən xəyanətə uğradığını düşünmədiyini, lakin Vaşinqtonun yardımının azalmasından təəssüfləndiyini bildirib.
O, əlavə edib ki, Trampla münasibətlərində səmimi olmağa və manipulyasiyaya əl atmamağa çalışır.
"Dostlar arasında da, ailədə də dürüst olmaq lazımdır, oyun oynamamaq lazımdır. Mən Trampla oyun oynamıram. Mənim Putindən fərqim budur. Onunla heç bir oyun oynamıram. Mən birbaşa və dürüstəm", - deyə, prezident vurğulayıb.
Aytən Yaşar/Turkustan.az