Almaniya kansleri və Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merz Rusiyanın Almaniyanı sabitsizləşdirməyə çalışdığını və bunun hər gün müşahidə olunduğunu bildirib.
Turkustan.az xəbər verir ki, o, bu fikirləri Münhendə Xristian Sosial Birliyinin (CSU) qurultayında çıxışı zamanı səsləndirib.
Merz Avropanın şərqində ciddi təhlükə ilə üzləşdiyini vurğulayaraq Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropada sülh nizamını dərindən sarsıtdığını deyib.
Kanslerin sözlərinə görə, Avropa ölkələri kiberhücumların, təxribat cəhdlərinin və mühüm infrastruktura qarşı hücumların şahidi olurlar.
“Bütün bunlar azadlığımızı təhdid edir”, – deyə, Merz bildirib.
O, Avropada qanunun aliliyinin, yoxsa güclünün hökmranlığının üstünlük təşkil edəcəyinin həlledici məsələ olduğunu qeyd edib.
“Qitənin ən qaranlıq dövrlərinə qayıtmasını istəmirəm”, – deyən kansler azadlığın qorunmasına sərmayə yatırılmasının vacibliyini vurğulayıb.
Merz Almaniyanın özündə də görünməmiş siyasi qütbləşmənin yaşandığını bildirib. O, Berlində Sosial Demokrat Partiyası (SPD) və Yaşılların hökumət daxilində əslində təbii sayılmalı olan güzəştlər və təminatlar uğrunda mübarizə apardıqlarını iddia edib.
Aytən Yaşar/Turkustan.az