Almaniyanın Bavariya Alp dağlarında Adolf Hitler üçün tikilmiş tarixi məkan olan “Qartal Yuvası”nda yanğın baş verib.
Turkustan.az xəbər verir ki, güclü külək və qar səbəbindən yanğının söndürülməsində çətinlik yaranıb, hadisə ilə əlaqəli şübhəli şəxs isə saxlanılıb.
Almaniyanın cənub-şərqində, Berxtesqaden şəhəri yaxınlığında yerləşən əraziyə təcili yardım xidmətləri cümə günü saat 21:15 radələrində çağırılıb. Hadisə yerinə gələn yanğınsöndürənlər və polis tarixi tikilidə yanğın aşkar ediblər.
Polis əməkdaşları motosikletlə ərazidən uzaqlaşan bir şəxsi saxlayıblar.
Prokurorluğun məlumatına görə, Berxtesqaden rayonu ilə əlaqəsi olan, lakin hazırda orada yaşamayan 33 yaşlı Almaniya vətəndaşı şübhəli qismində dindirilir.
Rəsmilər şübhəlinin psixi sağlamlıq problemlərinin ola biləcəyini və onun psixiatriya müəssisəsinə göndəriləcəyini bildiriblər. Bununla yanaşı, tikilinin tarixi əhəmiyyəti nəzərə alınaraq hadisənin siyasi motivli olub-olmadığı da araşdırılır.
Aytən Yaşar/Turkustan.az