Fransanın paytaxtı Parisin ətrafında dəhşətli silahlı hücum baş verib.
Turkustan.az xəbər verir ki, insanları dərisinin rənginə və etnik mənsubiyyətinə görə hədəfə alan silahlı şəxs bir nəfəri öldürüb, beş nəfəri yaralayıb.
Fransa hakimiyyəti hadisəni irqçi motivli terror aktı kimi araşdırır. İstintaqın ilkin versiyasına əsasən, hücumun irqçi və ehtimal ki, islamofob motivləri olub.
39 yaşlı silahlı şəxs Parisin cənub-qərbində bir neçə yaşayış məntəqəsində avtomobillə hərəkət edərək təxminən 15 dəqiqə ərzində yoldan keçən insanlara atəş açıb. Atışma uşaq meydançasının yaxınlığında da baş verib.
Hücum nəticəsində bir nəfər həyatını itirib, beş nəfər yaralanıb. Yaralılar arasında 12 yaşlı qız da var. Hədəfə alınan şəxslər arasında Afrika mənşəli insanlar olub.
Fransanın Le Monde qəzetinin məlumatına görə, saxlanılan şəxs ifadəsində qaradərililəri və ərəbləri hədəfə aldığını bildirib. O, oktyabrın 17-də keçirilən etiraz aksiyaları zamanı baş vermiş iğtişaşlara görə qisas almaq istədiyini söyləyib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi axtarış zamanı hücum edən şəxsin evindən Adolf Hitlerin “Mənim mübarizəm” (“Mein Kampf”) kitabı aşkarlanıb.
Saxlanılan 39 yaşlı şəxs hadisənin baş verdiyi ərazinin sakinidir. Onun əvvəllər polisin diqqətinə düşdüyü, lakin Fransa xüsusi xidmət orqanlarının nəzarətində olmadığı bildirilir.
Fransa Prezidenti Emmanuel Makron hadisəni ölkə üçün dönüş nöqtəsi adlandırıb. Prezidentin sözlərinə görə, bu, Fransa tarixində insanların dərisinin rənginə və ya ehtimal edilən dini mənsubiyyətinə görə öldürülməsini hədəfləyən əvvəlcədən planlaşdırılmış ilk terror aktıdır./Musavat.com