Yayın kabusu: Nə üçün dönərdən uzaq durmalıyıq?


Yay mövsümündə qida zəhərlənməsi riskinin artdığı dövrdə ən çox diqqət çəkən məhsullardan biri də dönərdir.

Münasib qiyməti, qısa müddətdə hazırlanması və günün istənilən saatında asanlıqla əldə olunması onu ən çox seçilən qidalardan birinə çevirib.

Bu səbəbdən dönərin hazırlanması, saxlanılması və satışı zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunması xüsusi əhəmiyyət daşıyır.

Son günlər Zaqatalada baş verən kütləvi zəhərlənmə hadisəsi də bu mövzunu yenidən gündəmə gətirib. Belə ki, 10-dan çox şəxs zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

Baş verən hadisə bir daha göstərir ki, dönərin hazırlanması, saxlanılması və satışı zamanı yol verilən ən kiçik səhlənkarlıq belə insanların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

Bu baxımdan həm qida obyektlərinin sanitar-gigiyenik tələblərə ciddi əməl etməsi, həm də vətəndaşların dönər seçərkən diqqətli olması vacibdir.

Bəs yay aylarında dönər niyə daha təhlükəli hesab olunur? Dönər alarkən hansı məqamlara diqqət yetirilməlidir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, dönər isti havalarda təhlükəli qidalardan biri hesab olunur:

“Dönərdən baş verən kütləvi zəhərlənmələrin əsas səbəbi qidanın bakteriyalarla çirklənməsi və gigiyena qaydalarının pozulmasıdır.

Ən çox rast gəlinən hallara ətin tam bişməməsi, çiy və bişmiş məhsulların eyni səthdə təmas etməsi, sousların və doğranmış tərəvəzlərin uyğun temperaturda saxlanılmaması, eləcə də işçi heyətin şəxsi gigiyena qaydalarına əməl etməməsi daxildir.

Bundan əlavə, keyfiyyətsiz və ya mənşəyi məlum olmayan xammaldan istifadə, eləcə də çirklənmiş avadanlıqlar da zəhərlənmə riskini əhəmiyyətli dərəcədə artırır”.

Ekspert qeyd edib ki, dönərin təhlükəsiz hazırlanması üçün temperatur rejimi həlledici əhəmiyyət daşıyır:

“Ət tam bişməli, daxili temperatur təhlükəli mikroorqanizmləri məhv edəcək səviyyəyə çatmalıdır. Çiy ət soyuducuda 0–4°C temperaturda saxlanılmalı, dondurulmuş məhsullar isə istifadə olunana qədər dondurulmuş vəziyyətdə qalmalıdır.

Bişmiş dönər uzun müddət otaq temperaturunda saxlanılmamalı, isti təqdim ediləcəksə isti saxlanma şəraiti qorunmalıdır. Soyudulmalı olan salatlar, mayonez əsaslı souslar və digər əlavələr isə daim soyuducuda saxlanmalıdır.

"Təhlükəli temperatur zonası" adlandırılan təxminən 5–60°C aralığında qidaların uzun müddət qalması bakteriyaların sürətlə çoxalmasına səbəb olur”.


MANŞET XƏBƏRLƏRİ