Kobaxidze qərar imzaladı: Yasamalda tikiləcək


Gürcüstanın Azərbaycandakı səfirliyi üçün yeni binanın layihələndirilməsi və tikintisi üzrə xidmətlərin satın alınmasını Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondu həyata keçirəcək.

Turkustan.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərarda bildirilib.

Sənədə əsasən, səfirliyin binası Bakının Yasamal rayonunda, Nəriman Nərimanov və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən 3444,5 kv. metrlik torpaq sahəsində inşa olunacaq. Satınalma prosesi layihələndirmə və tikinti mərhələlərini özündə birləşdirən vahid “Design-Build” müqaviləsi əsasında baş tutacaq.

2026-cı ilə planlaşdırılan işlər Gürcüstanın Bələdiyyələrin İnkişafı Fondu üçün dövlət büdcəsində təsdiqlənmiş vəsaitlər hesabına maliyyələşdiriləcək. Növbəti mərhələlər üçün maliyyələşdirmə isə 2027-ci ilin və zərurət yaranacağı halda sonrakı illərin büdcələrinə daxil ediləcək.

Tikinti işlərinin başa çatdırılmasından sonra bina Gürcüstan Xarici İşlər Nazirliyinin balansına veriləcək.

Qeyd edək ki, Azərbaycan tərəfi səfirliyin yeni binasının inşası üçün Gürcüstana torpaq sahəsini 2025-ci ilin yanvar ayında təhvil verib. Ərazi həm səfirlik binası, həm də səfirin iqamətgahı üçün ayrılıb.

Hazırda Gürcüstanın Azərbaycandakı səfirliyi Bakının Nərimanov rayonunda, Yaşar Hüseynov küçəsi 13/15 ünvanında yerləşir.


MANŞET XƏBƏRLƏRİ