İran Hörmüz boğazı ilə bağlı bəyanat yaydı


İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əli Abdullahi Hörmüz boğazı boyunca yerləşən hərbi bölmələrdə yoxlamalar aparıb.

Turkustan.az xəbər verir ki, yoxlama zamanı o, strateji su yolundakı son vəziyyətə dair mühüm bəyanatlarla çıxış edib.

General-mayor Əli Abdullahi bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru və dəniz qüvvələri Fars körfəzi sahilləri, adalar və Hörmüz boğazı üzərində tam nəzarəti saxlayır. Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin Fars körfəzi, Oman körfəzi sahilləri və adalardakı hərbi kontingenti əvvəlki dövrlərlə müqayisədə daha yüksək döyüş hazırliğı səviyyəsindədir və müasir avadanlıqlarla təchiz olunub.

ABŞ tərəfinin iddialarına cavab verən Baş Qərargah rəisi vurğulayıb:

"ABŞ prezidentinin mətbuat və təbliğat vasitəsilə Hörmüz boğazının açıq olduğu barədə yaydığı iddiaların əksinə olaraq, bu strateji su yolu tamamilə bağlıdır və İran Silahlı Qüvvələrinin nəzarəti altındadır."

Əli Abdullahi həmçinin xəbərdarlıq edib ki, İran tərəfindən müəyyən edilmiş marşrutdan kənarda Hörmüz boğazından keçməyə cəhd edən bütün gəmilər öz təhlükəsizliklərini riske atmış olacaqlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ