Məhkəmə işlərinə baxılması qaydaları dəyişir


Mülki və inzibati məhkəmə icraatında işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi, məhkəmə aktlarından şikayətlərin araşdırılması və bəzi işlərə baxılması qaydalarının dəyişdirilməsi təklif olunur.

Turkustan.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəllədə və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, mülki işlər üzrə məhkəmə aidiyyəti ilə bağlı məsələlərin həlli qaydalarının dəqiqləşdirilməsi, işin aidiyyəti olmayan məhkəməyə verilməsi hallarının tənzimlənməsi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərə görə, hakim işin məhkəmə aidiyyətinə uyğun olmadığını müəyyən etdikdə, işin hansı mərhələdə olmasından asılı olaraq iddia ərizəsinin qəbulundan imtina edə, ərizəni geri qaytara, işi aidiyyəti məhkəməyə göndərə və ya icraata xitam verə biləcək.

Sənəddə məhkəmə baxışı zamanı hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyətinin pozulması əsası ilə işi başqa məhkəməyə göndərməsinə məhdudiyyət qoyulması da nəzərdə tutulur. Bu mərhələdə aidiyyətlə bağlı ərizənin təqdim edilməsinə yalnız müəyyən edilmiş müddətdə müraciət etməyin şəxsdən asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırıldıqda yol veriləcək.

Layihəyə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı apellyasiya şikayətlərinə, eləcə də işi mahiyyəti üzrə həll etməyən bəzi məhkəmə aktlarından verilmiş şikayətlərə hakim tərəfindən təkbaşına baxılması təklif edilir.

Mülki Prosessual Məcəlləyə dəyişikliklər çərçivəsində xarici arbitraj məhkəmələrinin qərarlarının məcburi icraya yönəldilməsi üçün beşillik müddətin müəyyənləşdirilməsi də nəzərdə tutulur. Həmçinin xarici arbitraj qərarlarının tanınması və icrası barədə ərizələrə baxılması qaydalarının dəqiqləşdirilməsi təklif edilir.

İnzibati Prosessual Məcəlləyə təklif olunan dəyişikliklər isə inzibati mübahisələr üzrə ərazi və məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi, aidiyyətlə bağlı qərardadlardan şikayət verilməsi və həmin şikayətlərə baxılması qaydalarını əhatə edir.

Sənədə əsasən, məhkəmə aidiyyəti ilə bağlı bəzi qərardadlardan kassasiya instansiyası məhkəməsinə şikayət verilməsi və bu mübahisələrə 20 gün müddətində baxılması nəzərdə tutulur.

Qanun layihəsinə əsasən, dəyişikliklərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif olunur.

Qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.


MANŞET XƏBƏRLƏRİ