Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda solçu dövlət başçısı Luiz İnasio Lula da Silva populist sağçı rəqibi Flavio Bolsonarunu məğlub edərək dördüncü müddətə prezident seçilib.
Turkustan.az xəbər verir ki, ilkin turda rəqibindən geridə qalan İşçi Partiyasının namizədi Lula ikinci turda 4,4 milyon çox səs toplayaraq qalib gəlib.
Səsvermənin yekun nəticələrinə əsasən, Lula da Silva səslərin 51,79%-ni, Liberal Partiyasının namizədi Bolsonaro isə 48,21%-ni qazanıb. Lulanın qələbəsində ölkənin şimal-şərqindəki 9 ştatın hamısında səs payını artırması və ilk turda uduzduğu 211 bələdiyyədə nəzarəti ələ keçirməsi həlledici rol oynayıb.
Lakin sağçı partiyaların Konqresdəki 513 yerdən 303-nə sahib olması səbəbindən, Lulanın seçki vədlərini reallaşdırmaq üçün bu siyasi qüvvələrlə güzəştə getməli olacağı gözlənilir.Nəticələr elan edildikdən sonra minlərlə Lula tərəfdarı qələbəni qeyd etmək üçün San-Paulu küçələrinə axışib.
Qələbə çıxışında Lula da Silva vurğulayıb:"Braziliya demokratiyası xilas edildi; dürüstlük, millətçilik və demokratiya seçkilərdə qalib gəldi. Braziliya heç kimin həyətyanı sahəsi deyil." Qələbə münasibətilə Lula da Silvaya Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Niderlandın Baş naziri Rob Jetten və Portuqaliyanın Baş naziri Luis Monteneqro da daxil olmaqla çoxsaylı dünya liderləri təbrik mesajları ünvanlayıblar.
Aytən Yaşar/ Turkustan.az