Türk dünyası tarixinə və gələcəyinə böyük xidmət


Qazaxıstanda ikicildlik “Türküstan” ensiklopediyasının təqdimatı keçirildi

Astanadakı Qazaxıstan Milli Akademik Kitabxanasında Türk dünyasının çoxəsrlik tarixinə və mədəni irsinə həsr olunmuş ikicildlik “Türküstan” ensiklopediyasının təqdimatı keçirilib.

Tədbir Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə təşkil olunub.

Təqdimat mərasimində “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal da iştirak edib.

Məlumat verilib ki, 880 səhifəlik bu fundamental elmi nəşrdə Türküstan təkcə Qazaxıstanın müasir şəhəri və bölgəsi kimi deyil, həm də türk sivilizasiyasının ən vacib tarixi və mənəvi mərkəzlərindən biri kimi təqdim olunur.

Ensiklopediya üzərində iş 2021-ci ildən 2025-ci ilə qədər aparılıb. Onun hazırlanmasında 300-dən çox alim və tədqiqatçı iştirak edib, 4000-dən artıq ad, məfhum öyrənilib və təhlil edilib.

Layihənin direktoru və baş redaktoru tanınmış türkoloq və akademik Darxan Kıdırali, baş redaktoru isə ədəbiyyatşünas Turdıkul Şanbaydır.

Ensiklopediyada türk xalqlarının tarixi, arxeologiyası, memarlığı, etnoqrafiyası, ədəbiyyatı və mənəvi irsi haqqında materiallar təqdim olunur. Nəşr tarixi xəritələr, fotoşəkillər və illüstrasiyalarla zəngindir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova təşkilatın Türküstanın İslam dünyasının mədəniyyət paytaxtı elan ediləcəyi 2027-ci il üçün mədəni və elmi layihələr hazırladığını deyib. O, həmçinin 1926-cı ildə Bakıda keçirilən ilk Türkoloji Qurultayın 100 illiyini xatırladaraq vurğulayıb ki, türk xalqlarının ortaq tarixinin və mədəni irsinin qorunması vacib missiyadır.

Ensiklopediyanın baş redaktoru, ədəbiyyatşünas alim və filologiya üzrə fəlsəfə doktoru Turdıkul Şanbay layihənin əsas məqsədlərindən birinin nəşri qazax dilindən digər türk dillərinə çevirmək və onu bütün Türk dünyası oxucuları üçün əlçatan etmək olduğunu vurğulayıb.

Azərbaycandan - “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal çıxışında bildirib ki, Azərbaycan, Qazaxıstan və digər türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi fonunda ortaq tarix, mədəniyyət, ədəbiyyat və coğrafiyanın öyrənilməsi xüsusilə vacibdir. O, həmçinin akademik Darxan Kıdıralinin türk ölkələri arasında elmi əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib.

A.Camal ensklopediyanın digər türk ləhcələrinə çevrilməsinin zəruriliyini vurğulayıb. “Hesab edirəm ikicildlik “Türküstan” ensiklopediyasının təqdimatı təkcə Qazaxıstan və bu ölkənin Türküstan bölgəsi üçün deyil, həm də bütün Türk dünyasının gələcəyi üçün böyük əhəmiyyətə malikdir. Gələcəkdə ensiklopediyanın Azərbaycan və digər türk dillərinə tərcümə olunmasını çox istərdim”, - deyə A. Camal bildirib.

Təqdimat mərasimində çıxış edən akademik Darxan Kıdırali ensiklopediyanın Türküstan ərazisini qohum xalqları birləşdirən geniş coğrafi, mədəni və tarixi məkan kimi əhatə etdiyini bildirib:

“Hər şeydən əvvəl, bu böyük bayram ərəfəsində belə gözəl bir səbəblə sizinlə görüşməyimə çox şadam! Buna görə də tədbirin təşşbüskarına, onu yüksək səviyyədə təşkil edən Türk Mədəniyyəti və İrsi Fonduna və Fondun prezidenti Aktotı Rahimkulovaya minnətdarlığımı bildirirəm.

Əməyimə yüksək qiymət verərək öz xüsusi təşəkkür məktubunu göndərən Dövlətimizin başçısına xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda tədbirimizə iştirak edən , səmimi arzularını bildirən Məlik Nurjanulıya da “çox sağ olun”, deyirəm.

Respublikamızın prezidenti Qasım-Jomart Tokayev Türk Şurasının 31 mart 2021-ci il tarixində keçirilən sammitində: “Türk sivilizasiyasının intibahını araşdırmaq üçün, ilk növbədə, Yasəvi irsini və müqəddəs Türküstanı dünyaya tanıtmaqla başlamağa çağırıram” — deyə qeyd etmişdi. Dövlət başçısının bu çağırışı bizə yol göstərdi və 2021-ci ildə başlayaraq, bu sahəni araşdırna bvə ortaya nəticələr qoyan 4 mindən çox məqalə yazıldı, həmin elmi məqalələr bu iki cldlik ensklopediyada toplandı və işıq üzü gördü. Bu ensklopediyanın ərsəyə gəlməsində Türkistan Vilayətinin başçısı da bizə yaxından dəstək oldu.

Bildiyimiz kimi, Türküstan — türklər ölkəsi, türklərin məskəni mənasını verir. O, qardaş xalqların bütövlüyünü müəyyən edən coğrafi, mədəni, mənəvi və siyasi məkandakı geniş bir bölgədir — sivilizasiya özəyidir. . Mahmud Kaşğari min il əvvəlki xəritəsində Balasaqun və Türküstan bölgəsini dünyanın mərkəzi kimi göstərmişdir. Fazlullah ibn Ruzbihan “Mehmannaməi Buxara” əsərində yazır: “Ulamə alimlər “dünya bir bədəndirsə, Türküstanı onun başdır”- yazırdı. Məşhur Əlişir Nəvai isə Yassəvi Həzrət Sultanı “Türküstan xalqının qibləsi” adlandırırdı. Bu iki böyük filosofu dərindən oxuyan dərk edən Mağjan Türküstanı “İki dünyanın qapısı, ər türkün beşiyi” deyə nəzmə çəkmişdi.

Türküstanın iki minilliyi ərəfəsində “Türküstan” ensiklopediyasının bir cildi işıq üzü görmüşdü. O vaxtdan bəri bölgədə və türk dünyasında böyük dəyişikliklər baş verib. Buna görə də Türküstanın bütün türk dünyasının mərkəzinə çevrilməsini, son illərdəki genişmiqyaslı dəyişiklikləri və kəşf edilən elmi yenilikləri yeni nəşrə daxil etməyə çalışdıq. Qeyd etmək lazımdır ki, ilk ensiklopediyanı hazırlayan elmi qrupun rəhbəri olmuş Şanbay Turdıkul Kasenulı ikinci cildin hazırlanmasında da bizə yaxından kömək etdi.

Bu il Mərkəzi Asiya ölkələrinin müstəqillik əldə etməsinin 35 illiyi tamam olur. Bu 35 ildə region ölkələrinin əməkdaşlığı yeni mərhələyə yüksəlib, beş ölkənin qardaşlığı möhkəm birliyə çevrilib. Bu səbəbdən bugünkü toplantının Respublika Günü ərəfəsində keçirilməsinin də böyük rəmzi mənası var. Burada qardaş ölkələrin səfirləri və nümayəndələri iştirak edirlər. Artıq Türküstan anlayışının əhatə dairəsi tarixi Mərkəzi Asiyanın sərhədlərini aşaraq genişlənib. İndi Azərbaycan 5+1 formatında iştirak edir. Bu gün tədbirə Bakıdan xüsusi olaraq gələn məşhur jurnalist, qardaşım Aqil Camala tədbirimizdə iştirak edir.

Ensklopediyada yalnız Türküstan bölgəsi deyil, Mərkəzi Asiya, ümumilikdə türk dünyası, onun dərin tarixi, sivilizasiyası və mədəniyyəti, arxeoloji və memarlıq irsi, ədəbi, folklor və etnoqrafik mövzular geniş əhatə olunb, terminlər, kateqoriyalar və elmi-idrak anlayışlar vahid sistemə salınıb.

Bu fundamental əsərin tərtibatına xüsusilə önəmlidir. Kitabda tarixi və coğrafi xəritələr, tarixi şəxsiyyətlərin portretləri, miniatürlər, bərpa olunmuş eskizlər, arxeoloji və memarlıq abidələrinin şəkilləri, eləcə də xüsusi çəkilmiş rəngli fotoşəkillərdən toplanıb. Bu çətin və məsuliyyətli işi Jandos Bədelulı istedadlı bir kitabçı yerinə yetirib.

Sonda onu demək istəyirəm ki, yaxın Mərkəzi Asiyada, uzaqlara qədər uzanan türk dünyasında analoqu olmayan bir ensiklopediya ərsəyə gətirmişik. Ümid edirik ki, bu unikal nəşr gələcəkdə qardaş ölkələrin dillərində də işıq üzü görəcək. Əlbəttə, hər bir ensiklopediya mövzu ilə bağlı məlumatları toplayır və sistemləşdirir. Vaxt keçdikcə, mövzunun miqyası genişləndikcə məzmunun da yenilənəcəyi və yeni məlumatlarla zənginləşəcəyi şübhəsizdir. Hələ ki, bu iki cildlik kitabın Türküstanın tarixi, sivilizasiyası, görkəmli şəxsiyyətləri və mənəvi irsi haqqında məlumatları axtaran tədqiqatçılar üçün etibarlı mənbə olacağına ümid edirik.

Bugünkü tədbiri dəstəkləyən, xüsusi olaraq gələn və öz xoş sözlərini bildirən hər kəsə səmimi minnətdarlığımı bildirirəm. Tədbirin yüksək səviyyədə keçirilməsinə şərait yaradan Kümis Qarsaqbayqızına və Milli Akademik Kitabxananın kollektivinə dərin təşəkkürümü bildirirəm”.

“Türküstan”/Astana


MANŞET XƏBƏRLƏRİ