Keçmiş deputatın şirkətinə cinayət işi açıldı: 4 milyon 810 minlik əmlakı özbaşına söküb


Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” MTK-sının özbaşına, saxta alqı-satqı müqaviləsi əsasında özəl əmlakı sökməsinə görə cinayət işi başlanıb. Bakı şəhər prokurorunun göstərişinə əsasən, cinayətin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə olunub.

Turkustan.az musavat.com-a istinadla bildirir ki, Azərbaycan vətəndaşı, iş üzrə zərərçəkən Naiq Məmmədhəsənov Su Nəqliyyatında Polis İdarəsinə dəvət olunub. İdarə rəhbərliyi ona bildirib ki, şikayəti obyektiv şəkildə araşdırılacaq, özəl mülkiyyətinin saxta sənədlər əsasında dağıdılıb yerlə-yeksan edilməsində iştirak edən şəxslərin dairəsi müəyyən olunacaq və bütün günahkarlar cəzalandırılacaqlar.

Söhbət Bakının mərkəzində, Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manatdan artıq olan özəl mülkiyyətdən gedir. Sökülənə qədər binanın zirzəmisində məşhur “Mağara” restoranı və Dequstasiya zalı, birinci mərtəbəsində Bakıdakı səfirliklərin tədbirlər düzənlədiyi “Tovuz Konyak Evi”, ikinci mərtəbəsində isə “Hostel” yerləşirdi.

Əsabil Qasımov sözü verir, pul verməyi “unudur”

Əsabil Qasımov özəl mülkiyyət sahibi ilə əmlakın alqı-satqısı barədə razılığa gəlib. Onun tapşırığına əsasən, mülkiyyət sahibi olan iş adamı Naiq Məmmədhəsənovla müqavilə bağlanıb. Müqavilə üzrə öhdəliklərin icrası isə... “unudulub”.

Musavat.com əməkdaşı Bakıda yaşanan tikinti cinayətinin izinə düşüb. Ortada cinayətə bərabər, məhkəmələrə saxta sənədlərin təqdim olunması kimi faktlar var və iş üzrə 2026-cı ildə başlanmış cinayət işi mövcuddur!

Qasımovun xüsusi formulu - Qərar dövlətdən, söküntü bizdən, ödəniş heç kimdən!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 85 saylı qərarı ilə “Azər-Tikinti-Şirkəti” MMC-yə Bakı şəhəri, Nəsimi rayonunda, Azadlıq prospektinin əhatə etdiyi ərazidə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi, onların yerində çoxmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün icazə verilib.

Sonradan “Azər-Tikinti” MTK mülkiyyətçi iş adamı Naiq Məmmədhəsənovla 21 dekabr 2018-ci il tarixində “Razılaşma” müqaviləsi bağlayıb.

Həmin “Razılaşma” müqaviləsinə əsasən, Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, “Tovuz Konyak Evi”, “Mağara” restoranı, “Dequstasiya zalı” və “Hostel” kimi fəaliyyət göstərən obyektlərin yerləşdiyi bina söküldükdən sonra onların yerində tikiləcək çoxmərtəbəli binadan mülkiyyətçiyə müəyyən sahələr verilməli idi.

Öhdəliyə görə, “Tovuz Konyak Evi”nin yerləşdiyi sahənin əvəzində 170 kvadratmetr təmirli qeyri-yaşayış sahəsi, “Hostel” kimi fəaliyyət göstərən obyektin əvəzində isə ümumilikdə 226 kvadratmetr olan 2 təmirli mənzil təqdim edilməli idi.

Beləliklə, müqavilə üzrə mülkiyyətçiyə verilməsi nəzərdə tutulan əmlakın ümumi sahəsi 396 kvadratmetr təşkil edirdi. Müqavilədə həmin əmlakların açarlarının 24 ay ərzində təqdim olunması öhdəliyi də nəzərdə tutulmuşdu.

Əsabil Qasımov obyekti sökəndən sonra üzərinə götürdüyü öhdəlikləri “unudub”. Lakin mübahisənin əsasını təşkil edən məsələ təkcə tikintinin gecikməsi deyil.

MTK-dan şahmat gedişi, yoxsa kütləvi fiasko?

“Razılaşma” müqaviləsinin 2.1-ci maddəsində göstərilirdi ki, sözügedən əmlaklar (170+226 kvadratmetr) dövlət dəstəyi ilə Sahibkarlığın İnkişafı Fondundan ayrılmış 2 milyon manat kreditin təminatı kimi ipoteka ilə yüklüdür. Kredit üzrə 5 il ərzində 503 min manat faiz borcu da yaranmışdı. Əmlakların Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) xeyrinə ipoteka ilə yüklü olması tərəflərin qarşısında əlavə hüquqi və maliyyə öhdəlikləri yaradırdı.

Müqavilədə nəzərdə tutulmuş mexanizmə əsasən, Azadlıq prospekti 42 ünvanında “Tovuz Konyak Evi”nin yerləşdiyi 170 kvadratmetrlik sahənin altındakı zirzəmisində mülkiyyətçilərə məxsus “Mağara” restoranı və “Dequstasiya zalı” obyektləri - 70.7 və 85 kvadratmetrlik sahələr - “Azər-Tikinti” MTK-ya satılmalı idi. Əldə edilən vəsaitlə girov məsələsi həll olunmalı, mülklər 10 mart 2019-cu il tarixinədək ipotekadan azad edilməli, bundan sonra söküntüyə başlanılmalı idi.

Sabiq deputatın MTK-sı ilə qohumu saxta müqavilə bağladı, vətəndaşın özəl əmlakını dağıtdılar!

Bu mərhələdə Əsabil Qasımov etibarlı adamı kimi alqı-satqı prosesində Könül Cabbar qızı Əhmədovanı qabağa verib. O, sabiq deputat Əsabil Qasımovun yaxın qohumu kimi “Azər-Tikinti” tərəfindən alqı-satqıda tərəf qismində çıxış edib.

Alqı-satqı zamanı 85 kvadratmetrlik sahənin elektron sistemdə yüklü göründüyü məlum olub. Buna görə yalnız 70.7 kvadratmetrlik sahənin alqı-satqısı həyata keçirilib. Tərəflərin razılığına əsasən, 85 kvadratmetrlik sahə yüklülükdən çıxarıldıqdan sonra onunla bağlı alqı-satqı davam etdirilməli idi.

İş adamı Naiq Məmmədhəsənov 85 kvadratmetrlik sahəni müqavilədə nəzərdə tutulan 10 mart 2019-cu il tarixindən 36 gün əvvəl - 4 fevral 2019-cu ildə yüklülükdən çıxararaq Çıxarışı “Azər-Tikinti” MTK-ya təqdim edib. Lakin həmin vaxtadək 85 kvadratmetrlik obyektlə bağlı mülkiyyət hüququ olmayan şəxslər - “Azər-Tikinti” MTK və onun irəli verdiyi Könül Cabbar qızı Əhmədova arasında saxta, notarial qaydada təsdiqlənməyən sənədləşmə aparılıb və ardından obyekt özbaşına sökülərək yerlə-yeksan edilib.

Sonradan məlum olub ki, özbaşına söküntü Əsabil Qasımovun göstərişi ilə “Azər-Tikinti” MTK-nın İdarə Heyətinin sədri Mətin Əmiraslanov və alqı-satqı məsələləri üçün təqdim edilmiş Könül Əhmədovanın birgə fəaliyyəti nəticəsində baş verib; onlar 85 kvadratmetrlik obyektin guya mülkiyyətçiləri qismində notariat qaydasında təsdiqlənməmiş 19.02.2019-cu il tarixli saxta müqavilə tərtib ediblər. Həmin saxta sənəd əsasında özəl mülkiyyətdə olan obyekt sökülüb!

Məhkəmədən Qasımova ədalət zərbəsi - Sökmüsənsə, pulunu ödə!

85 kvadratmetrlik obyektin sökülməsi ilə bağlı mülkiyyətçi iş adamı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəməyə təqdim edilən şikayətin mahiyyəti ondan ibarət idi ki, “Azər-Tikinti” MTK-nın və Könül Əhmədovanın sökülmüş “Mağara” restoranının 85 kvadratmetrlik hissəsi üzərində mülkiyyət hüququ olmadığı halda, obyekt özbaşına uçurulub.

Nəsimi Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyevanın 1 iyun 2022-ci il tarixli 2(006)-332/2022 saylı qətnaməsi ilə mülkiyyətçilərin tələbləri tam təmin edilib. Qətnaməyə əsasən, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin may ayınadək ödənilməmiş kirayə haqlarına görə 24 min manatın, 85 kvadratmetrlik sökülmüş obyektə dəymiş ziyanın əvəzi kimi isə 394 min 342 manatın ödənilməsi qət olunub.

Kirayə haqqının tələb edilməsinin əsası belə izah olunub ki, 21 dekabr 2018-ci il tarixli “Razılaşma” müqaviləsinə görə, yeni binadan verilməli olan 170 kvadratmetrlik qeyri-yaşayış sahəsi və 226 kvadratmetrlik mənzillər 24 ay ərzində təhvil verilməli idi. Lakin tikinti başa çatmadığından və əmlaklar təhvil verilmədiyindən, kirayə haqqı öhdəliyi davam etməlidir. Beləliklə, birinci instansiya məhkəməsi həm kirayə haqqı, həm də sökülmüş obyektə dəymiş ziyanla bağlı mülkiyyətçilərin tələbləri üzrə qətnamə çıxarıb. Ancaq bu qətnamədən sonra işin gedişatında yeni saxta sənəd ortaya çıxıb.

“Mənim xəbərim yoxdur, imza da mənim deyil” - Məktub fantomları

Nəsimi Rayon Məhkəməsinin 1 iyun 2022-ci il tarixli qətnaməsindən 28 gün sonra Könül Əhmədovanın adından mülkiyyətçilərə rəsmi “Təklif” məktubu göndərilib. Məktubda iddia olunub ki, “Mağara” restoranı və “Dequstasiya zalı” kimi göstərilən 70.7 və 85 kvadratmetrlik obyektlər ümumilikdə 155.7 kvadratmetr təşkil edir və həmin sahələrin hər ikisi üzrə dövlət qeydiyyatından çıxarış alınıb.

Burada haşiyəyə çıxaraq qeyd edək ki, sonradan həyata keçirilən istintaqla məhkəməyə təqdim olunan bu məlumatın yalan olduğu müəyyən olunub. Əmlak Komitəsindən istintaqın sorğusuna verilən cavabda özbaşına sökülmüş obyektin mülkiyyətçisinin Könül Əhmədova deyil, Fəridə Məmmədhəsənova olduğu təsdiq olunub. Yalan məlumatlar daxil edilmiş məktubda, həmçinin alqı-satqı zamanı verilmiş 328 min manatın təkcə 70.7 kvadratmetrlik sahəyə deyil, guya ümumilikdə 155.7 kvadratmetr əmlaka görə ödənildiyi iddia olunub.

Əsabil Qasımovun qohumu istintaqda etiraf edir - “Mən günahkar deyiləm”

Könül Əhmədovanın adından göndərilmiş bu məktub məhkəmə mübahisəsinin əsas elementlərindən birinə çevrilib. Sonrakı araşdırmalar göstərir ki, həmin sənəd saxtadır. Könül Əhmədova da bunu etiraf edərək bildirir ki, məktub onun tərəfindən yazılmayıb, oradakı imza və ifadələr ona aid deyil! Məktubdan və onun məzmunundan xəbəri belə yoxdur.

Könül Əhmədovanın adından saxta məktub yazılması və imza atılması kimi cinayət əməlini prokurorluq orqanı da araşdırıb. İş üzrə xüsusi xəttşünaslıq ekspertizası keçirilib. Ekspert rəyi məktubdakı imzanın Könül Cabbar qızı Əhmədovaya məxsus olmadığını təsdiqləyib. Beləliklə, saxta məktub bir tərəfdən mülki məhkəmə prosesində istinad edilən sənədə, digər tərəfdən isə sonradan cinayət araşdırmasının predmetinə çevrilib.

İqtisadi möcüzə, yoxsa krossvord? 6 ilə 5 dəfə ucuzlaşan sirli kvadratlar

Bu mübahisənin ən diqqətçəkən tərəflərindən biri eyni obyektin müxtəlif illərdə eyni adlı qiymətləndirici tərəfindən qiymətləndirilməsi zamanı ortaya çıxan kəskin fərqdir. Hələ 2016-cı ildə həmin əmlakla bağlı məhkəmə çəkişməsi olub. Həmin prosesdə Bakı Apellyasiya Məhkəməsinin hakimi Xuraman Məhərrəmova əmlakın qiymətləndirilməsi barədə qərardad qəbul edib. Qiymətləndirici şirkət kimi “Əmlak Ekspertiza Mərkəzi” seçilib. Şirkətin ƏEM/İ 04 232/16 saylı rəyində “Mağara” restoranının yerləşdiyi 85 kvadratmetrlik əmlakın bir kvadratmetrinin dəyərinin 5 min 186 manat olduğu göstərilib.

Mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2016-cı il tarixli 2(103)-3776/2016 saylı qətnaməsi qəbul edilib. Qətnamədə həmin rəy əsas kimi qəbul olunub. Ali Məhkəmənin hakimi Əli Rüstəmovun 10 dekabr 2016-cı il tarixli 2(102)-5909/16 saylı ədalətli qərarı ilə həmin məhkəmə aktı qanuni qüvvəyə minib. Həmin qiymətləndirmə rəyi də Ali Məhkəmənin qərarı ilə bir daha təsdiq olunub. Mülkiyyətçilər sonrakı məhkəmə çəkişmələrində məhz bu qiymətləndirməyə istinad edərək bildiriblər ki, əmlakın 2016-cı ildəki qiyməti barədə ekspert rəyi və həmin iş üzrə məhkəmə aktları nəzərə alınmalı idi.

Lakin 6 il sonra eyni obyektlə bağlı tamamilə fərqli rəqəm ortaya çıxıb.

Hakimin gözlənilməz “sehrbazlığı” - Yarım səhifəlik arayış, tam səhifəlik “möcüzə”
Bakı Apellyasiya Məhkəməsində 2022-ci ildə aparılan baxış zamanı hakim Fuad Talışinski qiymətləndirmə barədə qərardad qəbul edib. 12 oktyabr 2022-ci il tarixində qəbul edilmiş qərardadla 2 qiymətləndirmə şirkətinin rəyinin alınması məsələsi qaldırılıb. Onlardan biri də təsadüfən 6 il əvvəl obyekti qiymətləndirmiş “Əmlak Ekspertiza Mərkəzi” olub.

Maraqlıdır ki, 2022-ci ildə təqdim edilən rəydə 85 kvadratmetrlik sahənin 1 kvadratmetrinin orta bazar dəyərinin 1 600 manat olduğu göstərilib.

Özəl mülkiyyətin sahibi olan iş adamının etirazı ondan ibarətdir ki, eyni qiymətləndirmə şirkəti 2016-cı ildə həmin sahənin bir kvadratmetrini analoji metodla 5 min 186 manat qiymətləndirib rəy verdiyi halda, 6 il sonra - obyekt artıq söküldükdən sonra - yenə də analoji metodla onun qiymətini 1 600 manat olaraq hansı meyar əsasında göstərib?

Ən diqqətçəkən məqamlardan biri də “Əmlak Ekspertiza Mərkəzi”nin 2022-ci ildə məhkəməyə tam əsaslandırılmış ekspert rəyi əvəzinə yarım səhifəlik gülünc arayış təqdim etməsidir.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinski sanki bunu gözləyirmiş kimi, ortada 2016-cı ilin əsaslı qiymətləndirmə rəyi və həmin qiymətləndirmə üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ola-ola, eyni ekspertin 2022-ci ildəki eyni əmlak üzrə yarım səhifəlik gülünc arayışını əsas götürüb. Məhkəmə hakimi faktiki olaraq Ali Məhkəmənin təsdiqlədiyi qərarı görməzdən gəlib və yarım səhifəlik arayışla özəl mülkiyyətin taleyini tikinti şirkətinin xeyrinə həll edib. Təsadüfdür? Burada maraq olmayıb?


MANŞET XƏBƏRLƏRİ