İdxal olunan dondurulmuş ət təhlükəlidirmi? – Qida eksperti açıqladı


Xəbər verdiyimiz kimi, ötən ilin ilk 11 ayı ərzində Ukraynadan Azərbaycana 5 min 786 ton dondurulmuş iribuynuzlu heyvan əti idxal edilib.

Yeniavaz.com xəbər verir ki, Ukrayna eyni zamanda Azərbaycana mal əti idxal edən əsas ölkə olub.

Qeyd edək ki, 4 ildir Ukrayna ilə Rusiya arasında müharibə aparılır. Belə bir şəraitdə Ukraynadan dondurulmuş ətin idxalı insanlar tərəfindən birmənalı qarşılanmır. Bu ətin keyfiyyəti və insan sağlamlığı üçün təhlükəsizliyi ilə bağlı suallar ortaya çıxır. Xüsusilə dondurulma prosesinin ətin qida dəyərinə və təhlükəsizliyinə təsiri maraq doğurur.

Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, dondurulmuş heyvan ətinin sağlamlıq üçün təhlükəli olub-olmaması bir neçə əsas amildən asılıdır:

“Dondurulmuş heyvan ətinin sağlamlıq üçün təhlükəli olub-olmaması istehsal, dondurulma, saxlanma və daşınma şəraitindən, eləcə də baytarlıq-sanitar nəzarətin düzgün aparılmasından asılıdır. Beynəlxalq standartlara uyğun şəkildə hazırlanmış, sürətli dondurulmuş və “soyuq zəncir” pozulmadan ölkəyə gətirilən ət ümumilikdə sağlamlıq üçün təhlükə yaratmır. Lakin dondurulma prosesi zamanı və ya daşınma mərhələsində temperatur rejimi pozularsa, mikroorqanizmlərin inkişaf riski arta və ətin təhlükəsizliyi şübhə altına düşə bilər. Bu səbəbdən idxal olunan ətlər mütləq laborator müayinələrdən keçirilməli və nəzarət mexanizmləri gücləndirilməlidir”.

Fərid Səfərov

Ekspert qeyd edib ki, qida dəyəri baxımından dondurulmuş ətlə təzə ət arasında ciddi fərq mövcud deyil:

“Zülal, yağ, dəmir və sink kimi əsas qida maddələri əsasən qorunub saxlanılır. Lakin uzun müddət saxlanılan və ya düzgün dondurulmayan ətlərdə bəzi suda həll olunan vitaminlərin, xüsusilə B qrup vitaminlərinin qismən azalması mümkündür. Təzə ət dad, tekstura və bişirmə xüsusiyyətlərinə görə üstün hesab edilsə də, bu, onun qida baxımından mütləq şəkildə daha üstün olduğu anlamına gəlmir”.

Fərid Səfərovun sözlərinə görə, dondurulma prosesi ətin texniki keyfiyyətinə də təsir göstərə bilər:

“Sürətli dondurulma zamanı əzələ liflərində xırda buz kristalları əmələ gəlir ki, bu da ətin strukturuna daha az zərər vurur. Yavaş dondurulma isə iri buz kristallarının yaranmasına səbəb olur və bu, əridildikdən sonra ətin şirəsini itirməsinə, quruluq və dad dəyişikliklərinə gətirib çıxara bilər. Bundan əlavə, ətin dəfələrlə dondurulub əridilməsi keyfiyyəti ciddi şəkildə aşağı salır və təhlükəsizlik riskini artırır”.


MANŞET XƏBƏRLƏRİ