Nipah COVID-19-dan daha dəhşətlidir? - “Yüksək ölüm riski ilə seçilir”


Hindistanda yayılan Nipah virusu (Niv) və hazırda xəstəliyə qarşı təsdiqlənmiş peyvəndin yoxluğu Azərbaycanda əhali arasında müəyyən qorxular yaradıb.

“Nipah virusu beynəlxalq səhiyyə ictimaiyyətində də böyük narahatlığa səbəb olub. Bu virus yüksək ölüm riski ilə seçilir və həm heyvanlardan insanlara, həm də insanlar arasında ötürülə bilir. Hazırda Hindistanda yüzlərlə insan karantinə alınıb, ciddi təcrid tədbirləri görülüb".

Bunu “Yeni Sabah”a infeksionist Aytən Ziyadova bildirib.

O, diqqəti Nipah virusunun ötürülməsi yollarına yönəldib:

"Nipah virusunun ötürülməsi əsasən heyvanlardan insana və birbaşa insan təması ilə baş verir. Yarasaların tüpürcəyi və sidiyi ilə çirklənmiş meyvə və meyvə şirələri, virusun ötürülməsinin ən əsas yollarından biridir. İnsanlar arasında isə bədən mayeləri, xüsusilə tüpürcək, qan və digər bədən mayeləri vasitəsilə yoluxma baş verir”.

İnfeksionistin sözlərinə görə, Nipah və COVID-19 arasında müəyyən oxşarlıqlar olsa da, əsas fərq onların yayılma formalarındadır:

"Hava-damcı yolu ilə keçiş riski isə COVID-19 ilə müqayisədə daha azdır, çünki bu virus daha çox birbaşa təmasla və bədən mayeləri ilə yayılır.

Nipah bəzi xüsusiyyətlərinə görə COVID-19 ilə oxşar olsa da, bu iki infeksiya arasında mühüm fərqlər mövcuddur. Hər iki virus insandan insana ötürülə bilir və hər ikisi də ağır klinik təsirlərə yol açır, lakin onların ötürülmə mexanizmləri fərqlidir. COVID-19 əsasən hava-damcı yolu ilə yayıldığı halda, Nipah virusu daha çox yaxın təmas və bədən mayeləri ilə keçir.

COVID-19 pandemiyasının sürətli qlobal yayılması ilə müqayisədə, Nipah virusunun yayılması daha lokal səviyyədə qalır və bu, onun daha az yayılmasına səbəb olur. Bununla yanaşı, Nipah virusunun yoluxma nəticəsində ortaya çıxan xəstəliklər çox ağır ola bilər və bu, ölüm riskini artırır.

Hindistanın Qərbi Benqal əyalətində baş verən son Nipah virusu yoluxma hadisələri, bu infeksiyanın yerli bir problem olduğunu göstərsə də, yüksək ölüm riski nəzərə alındıqda, hər hansı bir epidemiya halında daha geniş yayılma riski yaranır. Hazırda infeksiyanın yayılmasının qarşısını almaq üçün ciddi təcrid və nəzarət tədbirləri görülür. Yüksək səviyyəli səhiyyə xidmətləri və epidemioloji monitorinq vasitəsilə bu cür infeksiyaların geniş yayılmasının qarşısı alınmağa çalışılır”.


MANŞET XƏBƏRLƏRİ