Saat hesabı maaş necə hesablanacaq?


Azərbaycan hazırda bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı, saatlıq əməkhaqqı modelinin tətbiqi və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində iş aparılır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib. Onun sözlərinə görə, son illər əmək bazarında əhəmiyyətli artım qeydə alınıb:

"Əmək müqavilələrinin sayı 44 % artaraq 1,9 milyona çatıb. O cümlədən, özəl sektorda bu göstərici 2,1 dəfə artaraq 1 milyonu keçib. Minimum əməkhaqqı 3 dəfə artaraq 345 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1 099 manata yüksəlib.

Ümumilikdə əməkhaqqı fondu ölkə üzrə 3,3 dəfə artıb. Pensiya və sosial ödənişlərdə ciddi artım qeydə alınıb. Minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 594 manata çatıb.

Müavinət və təqaüdlərin ümumi məbləği isə 5 dəfə artıb. Bu artımlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib".

Bu model hansı ölkənin təcrübəsinə əsaslanır? İşçinin yaxud işəgötürənin xeyrinədir və müsbət addım kimi dəyərləndirilə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Ruslan Atakişiyev “Cebheinfo.az”-a bildirib ki, bu cür hesablama daha çox Avropa Birliyi, inkişaf etmiş ölkələrdə uzun müddətdir tətbiq olunur:

“Bu sadəcə olaraq əmək haqqının müxtəlif hesablama metodundan ibarətdir. Yəni o demək deyil ki, saat hesabı hesablama əmək haqqlarının artmasına və yaxud da düşməsinə gətirib çıxaracaq. Sadəcə olaraq müxtəlif işə görə, saat hesabı, günəmuzd, ayamuzd da hesablana bilər.

Bizdə isə günəmuzd, ayamuzd var idi, ancaq saat hesabı hesablanmırdı. Bu da bir normadır. İnkişaf etmiş ölkələrdə hər bir peşənin, sahənin, onun təsdiqlədiyi müvafiq sertifikatlar, bacarıqlar olduğu halda ona nisbətən də verilə biləcək minimum əməkhaqqı normaları müəyyənləşdirilir.

Əslində inkişaf etmiş ölkələrdə, xüsusilə Qərbdə minimum maaş normaları hesablanan zaman peşə və ixtisas da ayrılıqda nəzərə alınır”.


MANŞET XƏBƏRLƏRİ