Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Qərbi Azərbaycan irsinə dair tədqiqatlar” layihəsi çərçivəsində Qərbi Azərbaycanla bağlı tədqiqatları davam etməklə bərabər, televiziya verilişlərinin çəkilişi həyata keçirilir.
Layihə çərçivəsində SƏS TV-də 1 sentyabr tarixində növbəti çəkiliş olub. Verilişin aparıcısı, layihə rəhbəri Əkrəm Bəydəmirli, qonaqlar Azərbaycan Dövlət Tibb Universitetinin professoru, Qərbi Azərbaycan Qafan rayon icmasının sədri Eldar Abbasov, digər iştirakçı Basarkeçər rayon icmasının üzvü, ehtiyatda olan zabit Şövqi Bayramov idi.
Verilişdə Qərbi Azərbaycanın təhsil tarixi, bir çox sahələrdə Azərbaycan ziyalılarına qarşı atılmış repressiv addımlar, ümumilikdə regionun intellektual potensialı ilə bağlı müzakirələr aparılıb.
Professor Eldar Abbasov Qərbi Azərbaycan mühitində təhsil tarixini təhlil etməklə bərabər, təmsil olunduğu Qafan rayonunun təhsil işçilərinə həsr olunan yeni bir kitabın nəşr olunduğunu qeyd edib.
İxtisasca hüquqşünas olan Şövqi Bayramov müxtəlif sahələrdə azərbaycanlılara qarşı həyata keçirilmiş repressiv addımlardan danışıb.
Veriliş montaj olunduqdan sonra geniş auditoriyaya təqdim olunacaq.

