Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsində keçmiş müdafiə naziri Seyran Ohanyanın mənzillərin bölüşdürülməsi prosesində xidməti səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı cinayət işi üzrə ilkin istintaq başa çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın istintaq qurumu məlumat yayıb.
İlkin istintaq zamanı müəyyən edilib ki, S.Ohanyan Ermənistan müdafiə naziri vəzifəsini tutduğu dövrdə Müdafiə Nazirliyinin Mərkəzi Mənzil Komissiyasının üzvlərinin köməyi ilə xidməti səlahiyyətlərini aşıb və bununla bir sıra şəxslərin hüquq və qanuni maraqlarına əhəmiyyətli zərər vurub.
Nəzarətçi prokurorun qərarı ilə ona qarşı Ermənistan Cinayət Məcəlləsinin “vəzifəli şəxs tərəfindən vəzifə və ya xidməti səlahiyyətlərdən, “həmin səlahiyyətlərdən irəli gələn təsirdən sui-istifadə etmə” və “səlahiyyətləri aşma” maddələri üzrə cinayət işi başlanıb.
Cinayət işi ittiham aktı ilə nəzarətçi prokurora göndərilib və ittiham aktının təsdiqlənərək işin məhkəməyə göndərilməsi üçün təqdimat verilib. Məhkəmənin qərarı ilə Seyran Ohanyan barəsində həbs qətimkdan tədbirinin seçilməsi gözlənilir./teleqraf