3 manatlıq kabablarda at əti təhlükəsi var? - AÇIQLAMA


Dünən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Quliyev küçəsi, ev 114 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəbiyev Ağaisa Əlisa oğluna məxsus "İbrahim Tatlışiş" kabab evində yoxlama keçirilib.

Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində ətdə at DNT-si aşkarlanıb. Bundan əlavə, müəssisədə izlənmə sisteminin tətbiq edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub.

Maraqlıdır ki, digər 3 manatlıq kabab yerlərində də bu ola bilərmi?

Turkustan.az cəbər verir ki, Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən qida eksperti Fərid Səfərov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşkarlanan bu hal, xüsusilə ucuz qiymətə satılan kabablarla bağlı haqlı sual yaratdığını bildirib.

“Lakin yalnız kababın 3 manata satılması onun tərkibində at əti olduğu anlamına gəlmir. Eyni zamanda, belə bir riskin yalnız bir müəssisə ilə məhdudlaşdığını da düşünmək düzgün olmaz. Ətin qiyməti çox aşağı olduqda, müəssisənin xammalı haradan və hansı qiymətə aldığı, məhsulun mənşəyinin sənədlərlə təsdiqlənib-təsdiqlənmədiyi və ətin izlənmə sisteminin olub-olmaması xüsusi əhəmiyyət daşıyır. Müxtəlif heyvan növlərinin ətinin bir-birinə qarışdırılması və ya məhsulun etiketdə göstəriləndən fərqli tərkibdə təqdim edilməsi qida saxtakarlığı hesab olunur”.

Ekspert qeyd edib ki, digər 3 manatlıq kababxanalarda da belə halın olub-olmadığını isə yalnız nəzarət tədbirləri və laborator müayinələr müəyyən edə bilər:

“Yəni bir müəssisədə at DNT-sinin aşkarlanması bütün ucuz kababların şübhəli olması demək deyil. Bununla belə, istehlakçı üçün əsas göstəricilərdən biri ətin mənşəyinin məlum olması, baytarlıq-sanitariya sənədlərinin və izlənmə sisteminin mövcudluğu, həmçinin müəssisədə sanitar-gigiyenik qaydalara əməl edilməsidir. İstehlakçılar mümkün qədər mənşəyi bəlli olmayan, saxlanma və hazırlanma şəraiti şübhə doğuran məhsullardan uzaq durmalı, çox aşağı qiyməti isə avtomatik olaraq “keyfiyyətsiz ət” göstəricisi kimi qəbul etməməlidirlər. Ətin növünü gözlə və ya dadla dəqiq müəyyən etmək mümkün deyil; növ fərqinin etibarlı təsdiqi laborator DNT müayinəsi ilə aparılır”.


MANŞET XƏBƏRLƏRİ