“Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına: İnteqrasiyanın yol xəritəsi”


Yaxud Şuşa Bəyannaməsi həm Türk Dövlətləri Təşkilatının institusional inkişafı, həm də daha geniş mənada Türk dünyasının inteqrasiyası üçün mayak funksiyasını yerinə yetirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasına başlayıb. Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanacaq. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun Birinci mövzusu “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına: İnteqrasiyanın yol xəritəsi” adlanır. Bu mövzu çərçivəsində Şuşa Bəyannaməsinin ortaya qoyduğu əməkdaşlıq ruhunun və strateji baxışın Türk Dövlətləri Təşkilatının institusional inkişafına təsiri, eləcə də bu tarixi sənədin Türk dünyasının inteqrasiyası üçün yeni yol xəritəsi kimi əhəmiyyəti müzakirə olunur. Eyni zamanda, son illər təşkilatın artan siyasi nüfuzu və beynəlxalq çəkisi fonunda onun ortaq siyasi platforma kimi daha da güclənməsi üçün atılmalı olan addımlara dair suallara cavab tapılır. Mövzu ilə bağlı təqdim etdiyimiz müsahibələrdə Türk dövlətləri arasında xarici siyasət, iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə koordinasiyanın dərinləşdirilməsi üçün hansı mexanizmlərin daha səmərəli ola biləcəyi də dəyərləndirilir. Bununla yanaşı, qeyri-hökumət təşkilatlarının əməkdaşlığının genişləndirilməsi, Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslər və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının yaradılmasının inteqrasiya prosesinə verə biləcəyi töhfələr də əsas müzakirə mövzularındandır.

Qeyd edək ki, müsahiblərimiz mövzu ətrafında aşağıdakı sualları cavablandırıblar:

1. Şuşa Bəyannaməsinin ortaya qoyduğu əməkdaşlıq ruhu və strateji baxış Türk Dövlətləri Təşkilatının institusional inkişafına necə təsir göstərib? Bu sənədi Türk dünyasının inteqrasiyası üçün yeni yol xəritəsi kimi qiymətləndirmək olarmı?

2. Son illərdə Türk Dövlətləri Təşkilatının siyasi nüfuzu və beynəlxalq çəkisi əhəmiyyətli dərəcədə artıb. Sizcə, təşkilatın ortaq siyasi platforma kimi daha da güclənməsi üçün hansı addımların atılması vacibdir?

3. Türk dövlətləri arasında xarici siyasət, iqtisadiyyat, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə koordinasiyanın dərinləşdirilməsi baxımından hansı mexanizmlər daha effektiv ola bilər? Qeyri-hökumət təşkilatlarının əməkdaşlığı, Azərbaycanın bu sahədə öncül təşəbbüsləri və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının yaradılması inteqrasiya prosesinə hansı töhfəni verə bilər?

Mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblərimiz – Türkiyənin Bilgə İnsanlar Strateji Araşdırmalar Mərkəzinin (BİLGESAM) Məşvərət Şurasının üzvü, təhlükəsizlik və terror üzrə ekspert, doktor İmbat Muğlu və Azərbaycan Respublikası Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov hər bir sual ətrafında öz baxışlarını təqdim edərək Türk dünyasının gələcək inkişaf perspektivlərini geniş şəkildə şərh ediblər. İndi isə onların bu suallara verdikləri cavabları təqdim edirik:

Azər Allahverənov: Azərbaycanın təşəbbüsü ilə yaradılan TDT-yə üzv ölkələrin QHT Platforması türk dövlətləri arasında inteqrasiyanı dərinləşməsinə mühüm töhfələr verəcək

1.Əminliklə qeyd edə bilərəm ki, Şuşa Bəyannaməsi, bütövlükdə, Türk dünyasının inteqrasiyasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyan tarixi sənəddir. Bu bəyannamə Azərbaycan–Türkiyə müttəfiqliyini rəsmiləşdirməklə yanaşı, bütün türk dövlətləri üçün strateji əməkdaşlıq modelini ortaya qoymuşdur. Sonrakı dövrdə TDT çərçivəsində təhlükəsizlik, nəqliyyat, enerji, iqtisadiyyat və humanitar əməkdaşlıq istiqamətlərində əldə olunan nəticələr göstərir ki, Şuşa Bəyannaməsində yer alan müddəalar əhəmiyyətli dərəcədə TDT daxilində inkişaf etdirilən əməkdaşlıq əlaqələrinə proyeksiya olunub. Bu sənədin ruhu TDT-nin institusional inkişafına ciddi təsir göstərmişdir. Bu baxımdan hesab edirəm ki, həmin sənəd müasir dünyadakı mürəkkəb və təlatümlü proseslər fonunfa Türk dünyasının inteqrasiyası üçün siyasi və ideoloji yol xəritəsi rolunu oynayır. Xüsusilə nəzərə alsaq ki, Şuşa Bəyannaməsindən sonra TDT çərçivəsində imzalanan ikitərəfli və çoxtərəfli strateji sənədlər əməkdaşlığın daha da dərinləşməsinə xidmət etmişdir, bu bir daha göstərir ki, Şuşa Bəyannaməsi həm TDT-nin institusional inkişafı, həm də daha geniş mənada Türk dünyasının inteqrasiyası üçün bir növ mayak funksiyasını yerinə yetirmişdir. Nəticə etibarilə, bu sənədlərin vahid platforma çərçivəsində imzalanması və onların əsasında strateji əməkdaşlığın inkişaf etdirilməsi TDT-nin güclənməsinə təsir edən başlıca amillər arasında xüsusi əhəmiyyətə və dəyərə malikdir.

2.Son illərdə TDT artıq regional əməkdaşlıq formatını aşaraq, üzv dövlətlərin inzibati hüdudlarından kənarda da beynəlxalq münasibətlər sistemində nüfuzu artan siyasi platformaya çevrilmişdir. Bununla yanaşı, 2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının XII Zirvə Görüşündə qəbul edilən “TDT+” formatı təşkilatın əməkdaşlıq coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addım olmuşdur. Bu, bir daha göstərir ki, TDT Avrasiya məkanında mühüm geosiyasi əhəmiyyətə malik mərkəzə çevrilməkdədir. Qarşıdakı mərhələdə əsas məqsəd üzv dövlətlərin xarici siyasət üzrə koordinasiyasını gücləndirmək, beynəlxalq təşkilatlarda ortaq mövqelərin sayını artırmaq, Orta Dəhliz, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıq, rəqəmsal transformasiya və digər sahələrdə birgə layihələri genişləndirməkdir. Bu istiqamətlər TDT-nin 2026-cı ilin mayın 15-də Qazaxıstanın Türküstan şəhərində keçirilmiş qeyri-rəsmi Zirvə toplantısında da xüsusi vurğulanmışdır. Nəticə etibarilə, həmin istiqamətlərdə yer alan və gələcəkdə yer alacaq regional təşəbbüslər TDT-nin institusional imkanlarının daha da möhkəmlənməsinə və gələcəkdə həm Avrasiyada, həm də daha geniş kontekstdə qlobal proseslərdə söz sahibi olan nüfuzlu beynəlxalq platformaya çevrilməsinə xidmət edir.

3.Türk dövlətləri arasında inteqrasiya yalnız hökumətlər səviyyəsində deyil, cəmiyyətlər, xüsusilə də QHT-lər səviyyəsində də dərinləşdirilməlidir. Bu baxımdan, Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin QHT Platforması strateji əhəmiyyət daşıyır. Platforma vətəndaş cəmiyyətləri arasında əlaqələrin möhkəmlənməsinə, ortaq layihələrin həyata keçirilməsinə, ictimai diplomatiyanın inkişafına və Türk dünyasında ortaq dəyərlərin təşviqinə xidmət edir. Azərbaycanın bu təşəbbüsdə aparıcı rolu ölkəmizin Türk dünyasının inteqrasiyasına verdiyi töhfənin daha bir göstəricisidir. Təxmin edə bilərəm ki, yaxın gələcəkdə dövlət, parlament və vətəndaş cəmiyyəti müstəvəsində gücləndirilməkdə olan əməkdaşlıq əlaqələri triada formatında bir araya gətirilərək Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının əsasını təşkil edən, onu daha da sürətləndirən əsas hərəkətverici qüvvələrindən birinə çevriləcəkdir.

Dr. İmbat Muğlu: TDT-nin gələcəyi böyük ölçüdə praqmatik əməkdaşlıq, mərhələli institusionallaşma və ortaq maraqlara əsaslanan inteqrasiya anlayışı üzərində formalaşa bilər

1. Şuşa Bəyannaməsi yalnız Türkiyə ilə Azərbaycan arasında müttəfiqliyi gücləndirən bir sənəd deyil, eyni zamanda Türk dünyasının institusional inteqrasiyasına istiqamət verən mühüm strateji sənəd kimi də qiymətləndirilə bilər. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında münasibətləri “strateji tərəfdaşlıq” səviyyəsindən faktiki olaraq müttəfiqlik səviyyəsinə yüksəldib, müdafiə, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, mədəniyyət və xarici siyasət sahələrində geniş əməkdaşlıq mexanizmlərini nəzərdə tutub.

Şuşa Bəyannaməsi TDT-nin institusional inkişafını sürətləndirən, ortaq təhlükəsizlik, iqtisadi inteqrasiya və siyasi koordinasiya anlayışını gücləndirən mühüm istinad sənədi xarakteri daşıyır. Bu baxımdan sənəd hüquqi mənada olmasa da, strateji və vizyoner baxımdan Türk dünyasının inteqrasiyasına yönəlmiş yeni yol xəritəsi kimi qiymətləndirilə bilər. Lakin bu qiymətləndirmə yalnız sözügedən sənədə deyil, eyni zamanda TDT-nin çoxtərəfli qərarlarına, üzv dövlətlərin siyasi iradəsinə və regionda baş verən proseslərə bağlı olduğu gerçəkliyi nəzərə alınmaqla aparılmalıdır.

2.Türk Dövlətləri Təşkilatının son illərdə artan nüfuzu və beynəlxalq görünürlüğü nəqliyyat, enerji, iqtisadiyyat, mədəniyyət və diplomatiya sahələrində həyata keçirilən ortaq təşəbbüslərlə daha da möhkəmlənib. Bununla yanaşı, təşkilatın beynəlxalq sistemdə daha təsirli siyasi platformaya çevrilməsi üzv dövlətlərin suverenlik prioritetlərini qorumaqla yanaşı, onun institusional potensialını gücləndirəcək addımların atılmasından asılıdır. Bu baxımdan TDT-nin ortaq siyasi platforma kimi daha da güclənməsi üçün ümumi institusional potensialın inkişaf etdirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, müntəzəm diplomatik koordinasiyanın təmin olunması və təşkilatın beynəlxalq nüfuzunun daha da artırılması vacibdir. Bu proses ortaq tarixdən və mədəni bağlardan güc alsa da, onun uğuru böyük ölçüdə üzv dövlətlərin ortaq siyasi iradəni davamlı və uzunmüddətli siyasətlərə çevirə bilməsindən asılı olacaq.

3.Türk Dövlətləri Təşkilatı son illərdə yalnız mədəni əməkdaşlığı təşviq edən bir platforma olmaqdan çıxaraq iqtisadiyyat, nəqliyyat, enerji və diplomatiya sahələrində daha institusional quruluşa malik təşkilata çevrilməkdədir. Təşkilatın gələcək uğuru isə üzv dövlətlər arasında ortaq siyasi iradəni dəstəkləyəcək konkret və davamlı koordinasiya mexanizmlərinin formalaşdırılmasından asılı olacaq. Xarici siyasət sahəsində ən səmərəli mexanizmlərdən biri xarici işlər nazirlikləri arasında müntəzəm strateji məsləhətləşmələrin institusional təqvim əsasında keçirilməsi ola bilər. Bununla yanaşı, beynəlxalq təşkilatlarda ortaq mövqenin nümayiş etdirilə biləcəyi məsələlərin əvvəlcədən müəyyənləşdirilməsi və diplomatik koordinasiyanın gücləndirilməsi təşkilatın qlobal nüfuzunu daha da artırmağa xidmət edə bilər.

İqtisadiyyat sahəsində ticarət qarşısındakı texniki maneələrin aradan qaldırılması, gömrük prosedurlarının rəqəmsallaşdırılması, ortaq investisiya fondlarının gücləndirilməsi və milli valyutalarla ticarətin təşviq olunması kimi addımlar iqtisadi inteqrasiyanı sürətləndirə bilər. Dəmir yolu, limanlar, avtomobil yolları və logistika mərkəzlərinin bir-birini tamamlayan vahid sistem halına gətirilməsi isə təkcə üzv ölkələr arasında ticarətin inkişafına deyil, həm də Avropa ilə Asiya arasında yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına töhfə verə bilər.

Gələcək inkişaf modelinə nəzər saldıqda isə TDT-nin qısa və orta müddətli perspektivdə Avropa Birliyinə bənzər fövqəlmilli inteqrasiya modelindən daha çox, ortaq suverenlik prinsipini qoruyan, çevik və funksional regional əməkdaşlıq modeli istiqamətində inkişaf etməsinin daha real olduğu görünür.

Nəticə etibarilə, TDT-nin gələcəyi böyük ölçüdə praqmatik əməkdaşlıq, mərhələli institusionallaşma və ortaq maraqlara əsaslanan inteqrasiya anlayışı üzərində formalaşa bilər. Bu yanaşma üzv dövlətlərin fərqli xarici siyasət prioritetlərini nəzərə almaqla yanaşı, ortaq layihələr vasitəsilə təşkilatın beynəlxalq təsir imkanlarını artırmağa xidmət edən balanslı inkişaf modeli təqdim edir.

Şübhəsiz ki, qeyri-hökumət təşkilatları da TDT çərçivəsində inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verə biləcək əsas aktorlardan biridir. Xüsusilə akademik dairələr, beyin mərkəzləri və vətəndaş cəmiyyəti institutları arasında davamlı əməkdaşlıq mexanizmlərinin yaradılması ortaq baxışın formalaşmasına, ictimai diplomatiyanın güclənməsinə və üzv ölkələr arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının yaradılması bu istiqamətdə mühüm institusional addım hesab oluna bilər.

Fuad Hüseynzadə

Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində hazırlanmışdır. Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


MANŞET XƏBƏRLƏRİ