Hazırda Bakıda və Abşeron yarımadasında əsən arabir güclənən şimal-qərb küləyi sabah axşam saatlarından tədricən zəifləyəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, avqustun 22-si gündüz şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəzlənəcək.
Gülşad Məmmədova, həmçinin deyib ki, avqustun 21-də və 22-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.
Direktor vurğulayıb ki, bölgələrdə avqustun 21-də arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağışın qısamüddətli, leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Ayın 21-i gündüz saatlarında yağıntılar tədricən kəsiləcək, 22-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 33-38, dağlıq ərazilərdə 20-25 dərəcə isti olacaq.