Milli fikir adamı: Sabir Rüstəmxanlının söz və zaman yolu


Əliməmməd Nuriyev

Bəzi adamlar var onları təqdim etmək çətindir. Çünki adını çəkdiyin anda belə, sanki yarımçıq deyirsən. Şair deyirsən yetmir. Siyasətçi deyirsən dar gəlir. Publisist deyirsən tam açılmır.

Sabir Rüstəmxanlı haqqında danışmaq da məhz belədir: onu bir sözə sığdırmaq mümkün deyil. Çünki o, bir sözün içində yaşamayıb, sözün özünü yaşayıb.

Onun 80 yaşı tamam olur. Amma bu, sadəcə bir insanın yaşı deyil. Bu, bir ömrün hesabatıdır – yazılanların yox, daşıdığı məsuliyyətin hesabatı.

Mənim Sabir müəllimlə ilk tanışlığım da maraqlı olub. Açığı, mən onu əvvəlcə özü ilə yox, şeirləri ilə tanımışam. Bəzən insan müəllifi görməzdən əvvəl onun ruhu ilə tanış olur. Mənim üçün də Sabir Rüstəmxanlı əvvəlcə misraların içində yaşayan bir adam idi.

Sonra bir gün onu canlı gördüm.kiMən universitetdə oxuyurdum. Hüquq fakültəsinin tələbəsi idim. Universitetdə tələbələrlə görüş keçirilirdi. O dövrün belə görüşləri indikilərdən fərqlənirdi. İnsanlar sadəcə tanınmış bir şairi görməyə gəlmirdilər. Hamının içində sıxılmış bir zaman vardı və insanlar sözün içində nəfəs axtarırdılar.Sabir müəllimi ilk dəfə orada canlı gördüm.Yaxından tanış olmadıq. Sadəcə gördüm. Amma bəzi adamlar insanın yaddaşında ilk gündən qalır.

Sonra illər keçdi. Xalq hərəkatı başladı. Meydanlar, mitinqlər, ağır və qarışıq zamanlar… O dövrdə Sabir Rüstəmxanlını artıq yalnız şair kimi yox, meydanın içində dayanan adam kimi gördük. O zaman bir çox insanın həqiqi çəkisi ortaya çıxırdı. Kiminsə səsi gur idi, amma iradəsi zəif idi. Kiminsə çıxışı emosional idi, amma zaman qarşısında davam gətirmədi.

Sabir müəllim isə fərqli görünürdü. Onun sözündə emosiyadan çox daxili inam vardı.

İllər sonra ictimai-siyasi həyatda yollarımız yenidən kəsişdi. Daha sonra deputat olduğumuz dövrdə onu başqa tərəfdən görmək imkanım oldu. Mənim deputat fəaliyyətim dövründə Sabir müəllimdə bir xüsusiyyətə daha yaxından şahid oldum: o, siyasətdə də söz adamı olaraq qalmağı bacaran nadir insanlardandır.

Bu yubiley yazısında onun bədii yaradıcılığına klassik mənada qiymət vermək istəmirəm. Çünki bunu daha peşəkar edənlər çox olub,var. Bundan sonra da olacaq.

Mən daha çox bir nəslin yaddaşında yaşayan Sabir Rüstəmxanlıdan danışmaq istəyirəm.

Çünki onun bir kitabı bütöv bir dövrün düşüncə atmosferinə təsir göstərdi.

Mən "Ömür Kitabı" nı nəzərdə tuturam.

Xüsusilə 80-ci illərin tələbə gəncliyi arasında “Ömür Kitabı” başqa cür oxunurdu. Biz o kitabı sadəcə oxumurduq. Biz o kitabın içində yaşayırdıq. O kitab bizim üçün yalnız ədəbiyyat deyildi. O, insanın özünü axtarması idi. Millətin özünü xatırlaması idi. Daxili oyanış hissi idi.

Bu gün də düşünürəm ki, “Ömür Kitabı”nı hansısa bir janra yerləşdirmək çətindir.

Ona publisistika demək azdır.

Siyasi ədəbiyyat demək kifayət etmir.

Xatirə kitabı kimi baxmaq isə onu daraldır.

Çünki o doğrudan da öz adı kimi bir ömür kitabıdır.

Hər kəs onu oxuyanda bir yerdə özünü tapır. Hər kəs orada öz həyatından bir parçanı görür. Elə buna görə də o kitab müəyyən bir dövrün kitabı kimi qalmadı. O kitab yaddaşa çevrildi.

Məncə, əsl kitabın taleyi də budur.

Bəzi kitablar yazıldığı dövr üçün olur və zaman keçəndən sonra unudulur. Amma bəzi kitablar zaman keçdikcə daha yaxşı anlaşılır. “Ömür Kitabı” məhz belə kitablardandır.

Bu ömür necə yaşanıb?

Bu suala cavab vermək üçün onun kitablarını açmağa da ehtiyac yoxdur. Sadəcə Azərbaycanın son 40–50 illik ictimai tarixini xatırlamaq kifayətdir.

Elə dövrlər olub ki, söz demək təhlükəli idi.

Elə vaxtlar olub ki, söz demək dəbdə idi, amma məzmunsuz idi.

Elə mərhələlər olub ki, söz deyən çox idi, amma sözün çəkisi yox idi.

Bu müxtəlif dövrlərin içində bir xətt dəyişməyib: Sabir Rüstəmxanlı heç vaxt “asan söz” deməyib.

Onun yazdıqları bəzən qəbul olunub, bəzən mübahisə doğurub, bəzən də tənqid edilib. Amma bir şey dəyişməyib. O, həmişə dediyinə inanıb. Bu isə bugünkü mühitdə ən nadir keyfiyyətlərdən biridir.

Bizim ədəbiyyatda tez-tez belə yanlış təsəvvür olur ki, şeir guya reallıqdan qaçışdır. Sabir Rüstəmxanlının poeziyası bu fikri dağıdır.

Onun şeirlərində romantika var, amma bu romantika “bulud üstündə gəzmək” deyil. Bu, torpağa bağlı romantikadır. Xalqın taleyi ilə bağlı hissdir. Tarixlə barışmayan, amma onu daşıyan ruhdur.

Onun şeiri oxunanda hiss olunur ki, müəllif sadəcə yazmır, mübahisə edir:

tarixlə mübahisə edir, ədalətsizliklə mübahisə edir,bəzən hətta öz dövrü ilə mübahisə edir.

Onun publisistikasını oxuyanda da bir şey dərhal hiss olunur: bu yazılar kimisə razı salmaq üçün yazılmayıb.

Bugünkü mediada çox vaxt yazı “hamıya uyğun” olur. Kəskinlik itir, mövqe yumşaldılır, söz “hamının xoşuna gəlsin” deyə formalaşdırılır.Sabir Rüstəmxanlı bu yolu seçməyib.

Onun yazıları bəzən sərt olub. Bəzən kəskin olub. Bəzən də oxucu ilə razılaşmayıb. Amma məhz buna görə də o yazılar yaşayır. Çünki onlar “neytral” deyil – məsuliyyətlidir.

Siyasətə gələndə isə məsələ daha mürəkkəbləşir.

Çünki siyasət çox vaxt insanı dəyişir:

sözünü yumşalır, mövqeyini elastikləşdirir,prinsiplərini “uyğunlaşdırır”.Sabir Rüstəmxanlının yolu isə fərqli olub.Onun siyasi fəaliyyəti mübahisəsiz deyil və bu, normaldır. Amma burada əsas məsələ başqadır. O, siyasətdə də ədəbi məsuliyyətini itirməyib.Yəni tribunaya çıxanda belə, sadəcə siyasətçi kimi yox, söz adamı kimi çıxış edib.Bu isə asan məsələ deyil.

Bir insanın uzun illər aktiv ictimai həyatda qalması çətin deyil. Çətin olan dəyişmədən qalmaqdır.

Zaman dəyişir.İdeologiyalar dəyişir.Prioritetlər dəyişir.Amma bəzi insanlar bu dəyişikliklərin içində öz nüvəsini qoruyur.Sabir Rüstəmxanlı məhz belə adamlardandır.Onunla razılaşmaya bilərsən.Bəzi mövqelərini qəbul etməyə bilərsən.Amma bir şeyi inkar etmək mümkün deyil:o, özünü dəyişərək uyğunlaşanlardan olmayıb.

80 yaşa çatmaq biologiyadır. Amma 80 yaşda hələ də müzakirə mövzusu olmaq artıq başqa məsələdir.Bu o deməkdir ki, yazdıqların unudulmayıb,dediklərin aktuallığını itirməyib,mövqeyin hələ də cəmiyyət üçün əhəmiyyətlidir.

Sabir Rüstəmxanlının 80 illiyi məhz buna görə qeyd olunur.Bu yubiley münasibətilə ən asan yol uzun təriflər yazmaq olardı. Amma bu, onun yaradıcılığına uyğun olmazdı. Çünki o özü heç vaxt asan yolu seçməyib.

Ona görə də bu yazının sonunda təkcə bir fikir demək istəyirəm:

Sabir Rüstəmxanlı Azərbaycan cəmiyyətində o nadir adamlardandır ki, onun haqqında danışanda yalnız keçmişdən yox, indidən və gələcəkdən də danışmalı olursan.

Bu isə hər kəsə qismət olmur.


MANŞET XƏBƏRLƏRİ