Daha bir ölkə ilə quru sərhədlər açılır? – Xoş xəbər


Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər. 6 ildən sonra ilk dəfə bir ölkə ilə quru sərhəd əlaqəsi bərpa olunur.

Bu addımı quru sərhədlərin tam açılmasının anonsu kimi qiymətləndirmək olarmı?

Globalinfo.az-a danışan keçmiş deputat, iqtisadçı Vahid Əhmədov bildirib ki, Bakı-Tbilisi-Bakı dəmir yolu xəttinin açılması insanların Gürcüstana rahat şəkildə gedib-gəlməsinə imkan yaradacaq:

“Azərbaycanla Gürcüstan arasında münasibətlər kifayət qədər yüksək səviyyədə inkişaf edir. Gürcüstanla iqtisadi və siyasi əlaqələrin yüksək səviyyədə olması Bakı ilə Tbilisi arasında dəmir yolu əlaqəsinin qurulmasını müsbət hal kimi qiymətləndirməyə əsas verir”.

V.Əhmədov hesab edir ki, digər dövlətlərlə də nəqliyyat əlaqələrinin qurulması mümkündür:

“Məsələn, Rusiya ilə də yolların açılması mümkündür. Lakin hazırda bölgədə kifayət qədər ciddi siyasi proseslər gedir. İran ətrafında baş verən hadisələr, digər regional məsələlər, eləcə də Ermənistanda keçirilən seçkilərlə bağlı müəyyən problemlər hələlik maneələr yaradır. Amma fikrimcə, yaxın vaxtlarda Azərbaycanın digər dövlətlərlə quru sərhədlərinin açılması üçün müəyyən müsbət şərait yarana bilər”.

vahid ehmedov 1

İqtisadçı Natiq Cəfərli də bildirib ki, quru sərhədlərin açılması çox müsbət addım olar:

“Bu, Azərbaycanın həm beynəlxalq iqtisadi münasibətlərinə, həm də turizm sektoruna ciddi müsbət təsir göstərəcək. Gürcüstanla dəmir yolu əlaqələrinin bərpası növbəti mərhələdə Rusiya ilə də dəmir yolu daşımalarının açılmasına gətirib çıxara bilər ki, bu da regional əməkdaşlıq baxımından məntiqli addım hesab olunur”.

natiqjpg 1636968292

N.Cəfərli qeyd edib ki, quru sərhədlərin tam açılması Azərbaycanın beynəlxalq imicinə, turizm potensialına və iqtisadi əlaqələrinin genişlənməsinə əlavə töhfə verəcək:

“Artıq belə görünür ki, bu məsələ ilə bağlı qərar mərhələsinə yaxınlaşırıq və yaxın dövrdə müəyyən addımların atılması mümkündür. Çünki 6 ilə yaxındır quru sərhədlərin bağlı qalması həm turizmin inkişafında, həm də iqtisadi münasibətlərin genişlənməsində müəyyən maneələr yaradıb. Halbuki Azərbaycanın regional logistika və nəqliyyat mərkəzinə çevrilməsi üçün böyük potensialı var və bu istiqamətdə dövlət tərəfindən mühüm layihələr həyata keçirilir. Həm logistika mərkəzi, həm də beynəlxalq turizm istiqaməti kimi mövqeyini gücləndirmək üçün quru sərhədlərin açılması vacib amillərdən biri hesab olunur”.


MANŞET XƏBƏRLƏRİ